AnalitikaGündəmSiyasət

15 İyun – “Milli Qurtuluş Günü” tariximizin şanlı səhifəsidir

15 İyun – müasir dövlətçilik tariximizə qurtuluş günü kimi daxil olub. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan ulu öndər Heydər Əliyev olub.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi yadda qalıb. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar ulu öndərə müraciət etdilər. Sağlam düşüncəli insanlar, ziyalılar AXC- Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar başa düşürdülər ki, xalqı bu vəziyyətdən yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin bu vəziyyətdən çıxacağına inamı artırdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin Sədri seçildi. Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini özünə qaytardı. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü tarixi əhəmiyyətə malik, əsl qurtuluş tarixidir.  Bu tarixi yaradan isə daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur – yüksək qiymətləndirilir. Respublikamızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir:

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button