
Azərbaycanın müasir tarixində elə günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə bir gün deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yadda qalır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə tarixi günlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsindən xilas olması və gələcək
inkişafının təməl prinsiplərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan ağır sınaqlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, daxili siyasi qarşıdurmalar və dövlət idarəçiliyindəki problemlər ölkəni təhlükəli bir vəziyyətə sürükləmişdi. Dövlət institutları zəifləyir, müxtəlif silahlı qrupların fəaliyyəti ölkədə sabitliyi pozur, vətəndaş müharibəsi təhlükəsi isə getdikcə daha real xarakter alırdı. Belə bir mürəkkəb şəraitdə xalqın böyük əksəriyyəti ölkəni böhrandan çıxara biləcək siyasi lider kimi Heydər Əliyevə üz tutdu. 1993-cü ilin iyun hadisələri zamanı onun Bakıya qayıdışı Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə dövlət idarəçiliyinin bərpası istiqamətində mühüm addımlar atıldı. Milli Qurtuluş Günü yalnız hakimiyyət dəyişikliyi deyil, həm də dövlətçilik ideyasının xilası demək idi. Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, idarəetmə sisteminin formalaşdırılması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Sonrakı illərdə əldə olunan uğurlar – “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbulu, nizami ordunun formalaşdırılması, Azərbaycanın beynəlxalq nüfuzunun artması və iqtisadi inkişafın təmin olunması məhz həmin qurtuluş mərhələsinin nəticələri idi.
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də dövlətçilik ənənələrinin davamlılığını nümayiş etdirir. Milli Qurtuluş Günü təkcə keçmişə nəzər salmaq deyil, həm də müstəqil və güclü Azərbaycanın hansı çətinliklər hesabına formalaşdığını xatırlamaq günüdür.
15 İyun Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətə sədaqətinin və güclü liderliyin tarixdə yaratdığı dönüşün simvolu olaraq daim yaşayacaqdır.
Ramil Rüstəmov



