
Azərbaycan xalqının zəngin dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix xalqımızın müstəqillik uğrunda mübarizəsinin və dövlətçiliyimizin qorunmasının simvoluna çevrilmişdir.
1993-cü ildə ölkədə yaranmış mürəkkəb vəziyyət dövlət müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Siyasi böhran, iqtisadi geriləmə və daxili qarşıdurmalar xalqı narahat edirdi.
Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin edilməsinə şərait yaratdı. Ulu Öndərin qətiyyətli fəaliyyəti nəticəsində dövlətçiliyin qorunması istiqamətində mühüm addımlar atıldı.
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Dövlət idarəçiliyi gücləndirildi, qanunçuluq bərpa edildi və milli birlik möhkəmləndirildi.
Bu tarixdən sonra ölkədə genişmiqyaslı islahatlara start verildi. Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoydu, beynəlxalq aləmdə nüfuzu artdı.
Bu gün əldə olunan uğurların təməlində 15 İyun hadisələri dayanır. Dövlətimizin güclənməsi və xalqımızın rifahı həmin dövrdə atılan addımların nəticəsidir.
Milli Qurtuluş Günü xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu gün dövlətçilik tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri kimi dəyərləndirilir.
Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



