Analitika

Beynəlxalq riyakarlıq Azərbaycanı heç zaman öz hədəflərini reallaşdırmaqdan çəkindirə bilməz

Məlumdur ki, Azərbaycan hər zaman, bütün məsələlərdə konseptual və ədalətli yanaşma sərgiləyib, sözümüzlə əməlimiz arasında heç bir fərq olmayıb. Bütün tərəf müqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın güclü daxili potensialı var, Azərbaycan düzgün siyasət aparır. Ölkəmizdə milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik.

Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etmişik. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu ölkələr artıq Azərbaycanı strateji tərəfdaş hesab edir. Böyük uğurların əldə edilməsinə baxmayaraq, Azərbaycana qarşı beynəlxalq riyakarlıq hər zaman olduğu kimi, bu gün də davam edir.

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır. Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.

Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizdir. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin. Qürurvericidir ki, artıq qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Doğrudur, müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq. Postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə.

Ölkəmizin regionun lider dövləti kimi Cənubi Qafqaz regionu üzrə layihələrin həyata keçirilməsi prosesində təşəbbüskarlığı və dominantlığı beynəlxalq aləmdə bəzilərini narahat etsə belə, böyük layihələrin reallaşdırılmasında, regionda görüləcək mühüm işlərdə Azərbaycanın rolu müstəsna əhəmiyyət kəsb edir və əminik ki, bu layihələrin uğurla həyata keçirilməsi son nəticədə ölkəmizin və bütövlükdə regionun inkişafına yeni təkan və münbit zəmin verəcəkdir.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button