Analitika

Azərbaycan xalqı artıq üçüncü ildir faşizm üzərində Qələbəni böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir

“Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib”.

Bunu “Gundemws.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub: “Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb”.

“Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Elə Prezident İlham Əliyevin imzaladığı cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam da qeyd edilən fikirləri sübut edir.

Ramil Vəlibəyov vurğulayıb ki, Azərbaycan xalqı artıq üçüncü ildir 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir: “Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Bu mənada, həm Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə, həm də 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”.

Oxşar Xəbərlər

Back to top button