AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcər – təbiətin və quruculuğun qovuşduğu məkan

Azərbaycanın təbii zənginliyi ilə seçilən bölgələrindən biri olan Kəlbəcər özünəməxsus landşaftı və ekoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Dağlıq ərazilər, meşələr, çaylar, bulaqlar və mineral su mənbələri rayonun təbiət mənzərəsini formalaşdırır. Bu zənginlik Kəlbəcəri yalnız ölkə daxilində deyil, gələcəkdə beynəlxalq səviyyədə də tanıdıla biləcək turizm məkanlarından birinə çevirir.

İşğal dövründə Kəlbəcərin təbii sərvətlərinə və ekoloji mühitinə ciddi ziyan vurulub. Meşələrin yandırılması, təbii ehtiyatlardan qanunsuz istifadə və ətraf mühitin çirkləndirilməsi bölgənin ekoloji tarazlığına mənfi təsir göstərib. Bu səbəbdən azadlıqdan sonrakı mərhələdə təbiətin qorunması və ekoloji bərpa məsələləri xüsusi əhəmiyyət kəsb edir.

2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması rayonun təbii sərvətlərinin milli maraqlarımıza uyğun qorunması və idarə edilməsi üçün yeni şərait yaratdı. Dövlət tərəfindən aparılan bərpa-quruculuq işlərində müasir şəhərsalma prinsipləri, infrastrukturun səmərəli təşkili və ətraf mühitin mühafizəsi məsələləri mühüm yer tutur. Bu yanaşma bölgənin uzunmüddətli inkişafının əsas şərtlərindəndir.

Kəlbəcərin təbii potensialından istifadə zamanı ekoloji məsuliyyət əsas prioritet olmalıdır. Turizm obyektlərinin yaradılması, yolların çəkilməsi və yeni yaşayış məntəqələrinin salınması təbiətin qorunması ilə uzlaşdırılmalıdır. Mineral su ehtiyatlarının, meşə fondunun və bioloji müxtəlifliyin mühafizəsi gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir.

Kəlbəcərin yenidən qurulması təbiətlə insan həyatının harmoniyasını təmin edən nümunəvi inkişaf modelinin formalaşdırılması üçün böyük imkan yaradır. Bu diyarın dağlarında yenidən həyat canlandıqca onun təbii gözəllikləri də qorunaraq gələcək nəsillərə ötürülməlidir. Kəlbəcər həm Azərbaycanın təbiət incisi, həm də azadlıqdan sonra quruculuğun yeni ünvanıdır.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button