Zəfərin təntənəsi: 25 Noyabr Kəlbəcər Şəhəri Günü

Azərbaycan tarixinin ən şərəfli və qürurverici səhifələrindən biri olan 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın əyilməz iradəsinin və sarsılmaz birliyinin təcəssümüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu tarixi gün hər il böyük təntənə və ehtiramla qeyd olunur.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər düz 27 il ərzində öz doğma sakinlərinin yolunu gözlədi.İşğal nəticəsində rayonun 53 mindən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşərək respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu.Kəlbəcərin işğalı təkcə bir rayonun itirilməsi deyil, həm də Azərbaycanın strateji yüksəkliklərinin və zəngin təbii ehtiyatlarının düşmən əlinə keçməsi demək idi.Lakin Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmadı və gec-tez öz torpaqlarına qayıdacağına olan inamını bir an belə itirmədi.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün ərzində regionda tamamilə yeni geosiyasi reallıq yaratdı.Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıq düşməni diz çökməyə və kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan ordusu bir güllə belə atılmadan Kəlbəcər rayonunu tərk etmək öhdəliyi götürdü.
Bu hadisə hərb və diplomatiya tarixinə Azərbaycanın siyasi uzaqgörənliyinin və hərbi gücünün möhtəşəm sintezi kimi daxil oldu.Mürəkkəb relyefə və sərt dağlıq iqlimə malik olan Kəlbəcərin itkisiz azad edilməsi minlərlə əsgərimizin həyatının xilas edilməsi demək idi. Tarixi Zəfər günü xalqa müraciət edən Ali Baş Komandan bu qələbənin əhəmiyyətini belə ifadə etmişdi: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Sizin doğma diyarınız işğaldan azad olundu. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!” Bu tarixi bəyanat təkcə kəlbəcərlilərin deyil, dünyanın dörd bir yanında yaşayan milyonlarla azərbaycanlının sevinc göz yaşlarına səbəb oldu.
Rayonun azad edilməsi ilə Azərbaycanın dövlət sərhədlərinin mühüm bir hissəsi bərpa edildi və ölkəmizin təhlükəsizlik arxitekturası möhkəmləndi.Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından biri olmaqla yanaşı, həm də strateji keçid nöqtəsidir.Düşmən 27 il ərzində bu cənnət məkanı viran qoymuş, bütün infrastrukturu, evləri, məktəbləri və xəstəxanaları yerlə-yeksan etmişdi. Hətta ərazini tərk edərkən belə erməni vandalları meşələri yandırır, evləri dağıdır və ekoloji terror törədirdilər.Bütün bu vəhşiliklər dünya ictimaiyyətinin gözü qarşısında baş verir və işğalçının əsl simasını bir daha nümayiş etdirirdi. Lakin Azərbaycan dövləti azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də dərhal genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi.İlk növbədə rayonun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində gərgin fəaliyyətə başlanıldı.Çətin dağlıq şəraitə baxmayaraq, istehkamçılarımız gecə-gündüz çalışaraq əraziləri təhlükəsiz vəziyyətə gətirdilər.Kəlbəcərin yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsas götürüldü. Dövlət başçısı İlham Əliyev Kəlbəcərə etdiyi çoxsaylı səfərlər zamanı bu torpağın gələcək inkişaf perspektivlərini şəxsən müəyyənləşdirdi.Prezidentin bu sözləri Kəlbəcərin dirçəliş strategiyasının əsas xəttini təşkil edir: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Bizim böyük otlaq sahələrimiz var.”
Bu gün Kəlbəcər şəhərində yeni yaşayış massivləri, müasir təhsil ocaqları və tibb müəssisələri sürətlə inşa olunur.Böyük Qayıdış proqramı çərçivəsində kəlbəcərlilərin öz doğma yurdlarına mərhələli şəkildə köçürülməsi təmin edilir.Uzun illər həsrətlə bu günü gözləyən sakinlər indi öz ata-baba ocaqlarında yeni həyata başlayırlar.Kəlbəcərin azad olunması həm də ölkəmizin iqtisadi potensialına böyük töhfə verməkdədir.Rayonun zəngin qızıl, civə və digər faydalı qazıntı yataqları yenidən Azərbaycan iqtisadiyyatının xidmətinə verilib.Eyni zamanda, Kəlbəcərin bərpa olunan enerji mənbələri, xüsusilə su elektrik stansiyaları ölkənin yaşıl enerji zonasına çevrilməsində mühüm rol oynayır.Tərtər çayı üzərində qurulan yeni su elektrik stansiyaları həm ekoloji təmiz enerji istehsal edir, həm də regionun enerji təhlükəsizliyini gücləndirir.Kəlbəcər həm də özünün şəfalı mineral suları, xüsusilə məşhur İstisuyu ilə bütün dünyada tanınır.İstisu sanatoriyasının yenidən qurulması Kəlbəcəri beynəlxalq səviyyəli sağlamlıq və turizm mərkəzinə çevirəcək.Hər il 25 noyabr tarixində Kəlbəcər Şəhəri Gününün qeyd olunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət daşıyır.Bu gün bizə həm keçmişimizin ağrı-acılarını unutmamağı, həm də qazandığımız möhtəşəm Zəfərin qədrini bilməyi öyrədir.Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bu günlərdə xüsusi ehtiramla yad edilir.Məhz onların qanı və canı bahasına bu gün Kəlbəcər səmasında üçrəngli Azərbaycan bayrağı əzəmətlə dalğalanır.Qazilərimizin göstərdiyi şücaət və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır.Kəlbəcər təkcə coğrafi məkan deyil, Azərbaycan xalqının milli kimliyinin, mədəniyyətinin və mənəvi dünyasının ayrılmaz parçasıdır.Bu torpaqlar neçə-neçə görkəmli sənətkar, alim, şair və qəhrəman yetişdirərək xalqımıza bəxş etmişdir.25 Noyabr həm də haqqın və ədalətin gec-tez qalib gəldiyinin bütün dünyaya sübutudur.Beynəlxalq hüququn illərlə icra olunmayan qətnamələrini Azərbaycan öz gücü və iradəsi ilə reallığa çevirdi.Bu gün Kəlbəcərdə görülən hər bir iş, tikilən hər bir bina Zəfərimizin əbədiliyini təsdiqləyir. Dağların qoynunda yerləşən bu qədim diyar yenidən öz əvvəlki əzəmətinə və gözəlliyinə qovuşur.Kəlbəcərin dirçəlişi bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun inkişaf modelinin parlaq nümunəsidir.Artıq Kəlbəcər həsrət və nisgil sözü ilə deyil, quruculuq, inkişaf və qürur anlayışları ilə qoşa çəkilir.Hər bir azərbaycanlı bu müqəddəs torpağın hər qarışını göz bəbəyi kimi qorumağı özünə şərəf borcu bilir.25 Noyabr Kəlbəcər Şəhəri Günü xalqımızın birlik və həmrəylik rəmzi kimi tarixdə əbədi qalacaqdır.
Qoy Kəlbəcərin uca zirvələrində dalğalanan şanlı bayrağımız heç vaxt enməsin!Yaşasın azad, abad və firavan Kəlbəcər, yaşasın qüdrətli Azərbaycan!
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



