Kəlbəcər – Azərbaycanın təbii sərvətlərinin və turizm potensialının incisi

Kəlbəcər Azərbaycanın ən zəngin təbii sərvətlərə malik bölgələrindən biridir. Əzəmətli dağları, sıx meşələri, şəfalı mineral suları, təmiz havası və füsunkar təbiəti bu rayonu ölkəmizin xüsusi turizm məkanlarından birinə çevirir. 25 noyabr Kəlbəcər Şəhəri Günü münasibətilə bu qədim yurdun tarixi, təbii sərvətləri və gələcək inkişaf perspektivləri bir daha diqqət mərkəzinə gəlir. Kəlbəcərin azad edilməsi Azərbaycanın yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də mühüm iqtisadi və ekoloji potensialının yenidən ölkəmizə qazandırılması deməkdir.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində öz təbii sərvətlərindən və iqtisadi imkanlarından məhrum edildi. İşğal dövründə rayonun meşə fonduna, mineral ehtiyatlarına, su resurslarına və tarixi abidələrinə ciddi ziyan vuruldu. Kəlbəcərin zəngin təbiəti və sərvətləri qanunsuz istismar edildi. Bu faktlar işğalın yalnız humanitar deyil, həm də ekoloji və iqtisadi nəticələrinin nə qədər ağır olduğunu göstərir.
2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması yeni imkanların başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə nəticəsində rayon yenidən ölkəmizin iqtisadi inkişaf strategiyasına daxil edildi. Dövlət başçısının tapşırıqları əsasında bölgədə bərpa-quruculuq işlərinə başlanıldı. Ərazinin mürəkkəb relyefi nəzərə alınaraq müasir mühəndislik həlləri ilə yol, enerji və digər infrastruktur layihələri həyata keçirilməyə başlandı.
Kəlbəcərin ən mühüm sərvətlərindən biri də İstisu mineral bulaqlarıdır. Bu təbii sərvət uzun illərdir ölkəmizin sağlamlıq turizmi potensialının mühüm hissəsi hesab olunur. İstisu ərazisində müasir müalicə-istirahət infrastrukturunun yaradılması bölgənin turizm imkanlarını genişləndirəcək. Eyni zamanda dağ turizmi, ekoturizm, kənd turizmi və digər istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi Kəlbəcərin iqtisadi inkişafına töhfə verəcək.
Kəlbəcərin gələcəyi onun təbii sərvətlərinin qorunması və səmərəli istifadəsi ilə sıx bağlıdır. Dövlətin həyata keçirdiyi layihələr həm ekoloji tarazlığın qorunmasını, həm də bölgənin sosial-iqtisadi inkişafını hədəfləyir. Kəlbəcər Şəhəri Günü bu qədim yurdun yenidən dirçəlməsinin, təbiətinin və sərvətlərinin xalqımıza qaytarılmasının rəmzidir. Qarşıdakı illərdə Kəlbəcərin Azərbaycanın aparıcı turizm və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



