
Hər bir siyasi təşkilatın tarixində onun yaranmasına səbəb olan ictimai ehtiyaclar və qarşıya qoyduğu məqsədlər mühüm yer tutur. Yeni Azərbaycan Partiyası da 1992-ci ildə ölkənin taleyüklü sınaqlardan keçdiyi bir vaxtda yaranaraq xalqın siyasi sabitlik və güclü rəhbərlik istəyini ifadə etdi. Müstəqilliyin ilk illərində mövcud olan çətinliklər Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Belə bir şəraitdə yeni siyasi qüvvənin meydana çıxması cəmiyyətin böyük gözləntiləri ilə qarşılandı.
Partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən ziyalıların və ictimaiyyət nümayəndələrinin əsas məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, ölkədə siyasi sabitliyə nail olmaq və dövlətin gələcək inkişafına xidmət etmək idi. Onlar bu məqsədlərin həyata keçirilməsini Heydər Əliyevin siyasi təcrübəsi və liderlik keyfiyyətləri ilə əlaqələndirirdilər. Naxçıvanda keçirilən təsis konfransı nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
Heydər Əliyevin rəhbərliyi ilə partiya qısa müddətdə geniş ictimai dəstək qazandı. Bu dəstəyin əsasını yalnız siyasi şüarlar deyil, həm də sabitlik, təhlükəsizlik, inkişaf və dövlətçiliklə bağlı real gözləntilər təşkil edirdi. Partiyanın siyasi xəttində milli birlik, müstəqil dövlətin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqeyə sahib olması əsas yer tuturdu.
Sonrakı illərdə Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoydu. İqtisadi islahatlar, sosial layihələr, müasir infrastrukturun qurulması və milli müdafiə potensialının artırılması ölkəmizin güclənməsinə xidmət etdi. 2020-ci ildə əldə edilən tarixi Zəfər isə xalq-dövlət birliyinin və uzunmüddətli dövlət siyasətinin mühüm nəticəsi kimi tarixə düşdü.
YAP-ın 34 illik yubileyi partiyanın keçdiyi yola, qazandığı təcrübəyə və qarşıdakı vəzifələrə nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Xalqın etimadı siyasi təşkilat üçün həm böyük məsuliyyət, həm də davamlı fəaliyyətə çağırışdır. Bu etimadı doğrultmaq üçün dövlətçilik prinsiplərinə sədaqət, vətəndaşlarla sıx əlaqə və ölkənin inkişafına xidmət edən təşəbbüslər daim diqqət mərkəzində olmalıdır.
Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri



