
Dövlətin beynəlxalq nüfuzu onun siyasi sabitliyi, iqtisadi potensialı, diplomatik fəaliyyəti və milli maraqlarını qorumaq qabiliyyəti ilə müəyyən olunur. Azərbaycanın son onilliklərdə qazandığı uğurlar bu amillərin qarşılıqlı əlaqəsinin nəticəsidir. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaradılması da ölkədə sabitliyin təmin olunması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edildi və dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi. Ölkənin beynəlxalq əlaqələri genişləndirildi, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıldı və Azərbaycanın strateji maraqlarına uyğun xarici siyasət kursu formalaşdırıldı. Bu siyasət ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına imkan verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti yeni imkanlar qazandı. Ölkəmiz müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirdi, beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirdi və regional layihələrin təşəbbüskarı kimi çıxış etdi. Enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırdı.
Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycanın beynəlxalq mövqelərinə də ciddi təsir göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmini və imkanlarını nümayiş etdirdi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası isə ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli maraqlarının təmin olunmasının mühüm nəticəsi oldu.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ilə müşayiət olunan tarixi proseslərin mühüm siyasi tərkib hissəsidir. Bu gün ölkəmiz regional və qlobal əməkdaşlıqda fəal iştirak edir, sülh və təhlükəsizlik təşəbbüslərini dəstəkləyir. Azərbaycanın qarşıdakı dövrdə də beynəlxalq nüfuzunu qoruması və inkişaf etdirməsi milli maraqlara əsaslanan ardıcıl siyasətin davam etdirilməsini tələb edir.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini



