
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük quruculuq ənənələrinə malik şəhərlərindən biridir. Qarabağın dilbər guşələrindən olan bu şəhər uzun illər öz gözəlliyi, inkişaf etmiş infrastrukturu, tarixi abidələri, mədəniyyət ocaqları və zəhmətkeş insanları ilə tanınıb. Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam uzun illər dağıntılara məruz qalıb, şəhərin tarixi siması dəyişdirilib, yaşayış məntəqələri xarabalığa çevrilib.
Ağdamın taleyi Ermənistanın işğalçılıq və vandalizm siyasətinin ən bariz nümunələrindən biridir. Bir zamanlar insanların gur yaşadığı, küçələrində həyatın qaynayıb-qarışdığı, məktəblərin, mədəniyyət müəssisələrinin, sənaye və xidmət obyektlərinin fəaliyyət göstərdiyi şəhər işğal dövründə demək olar ki, tamamilə dağıdılıb. Tarixi və dini abidələrə, yaşayış evlərinə, sosial obyektlərə qarşı törədilmiş vandalizm Ağdamın timsalında bütöv bir xalqın mədəni irsinə vurulmuş zərbə idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın gələcəyindən danışarkən şəhərin yenidən qurulacağına dair qətiyyətli mövqeyini ifadə edərək bildirmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu fikirlər Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirdiyi siyasətin əsas mahiyyətini əks etdirir. Ağdamın yenidən qurulması yalnız dağıdılmış binaların bərpası deyil, həm də tarixi ədalətin bərpası, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışının təmin edilməsidir.
2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Ağdamın da azadlığına gedən yolu açdı. 2020-ci il noyabrın 20-də Ağdam şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Bu tarix Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Ağdamın azad edilməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi hadisə olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qəlbində yeni ümidlər yaratdı.
İşğaldan azad edildikdən sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. İlk növbədə şəhərin gələcək inkişafını müəyyənləşdirən planlaşdırma sənədləri hazırlandı, yol-nəqliyyat infrastrukturu, kommunal xidmətlər, sosial obyektlər və yaşayış məhəllələrinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilməyə başlandı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri əsasında Ağdamın müasir, rahat və dayanıqlı şəhər kimi formalaşdırılması üçün ardıcıl tədbirlər görülür.
Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi gücünü, siyasi iradəsini və xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Yeni yolların salınması, yaşayış binalarının, məktəblərin, sosial və mədəniyyət obyektlərinin inşası, mühəndis-kommunikasiya sistemlərinin qurulması şəhərin gələcək inkişafının möhkəm təməlini təşkil edir. Eyni zamanda, kəndlərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində mühüm addımlar atılır.
Ağdamın dirçəldilməsi həm də milli yaddaşımızın qorunması deməkdir. Şəhərin tarixi abidələrinin, mədəni irs nümunələrinin və ənənələrinin yaşadılması gələcək nəsillərin öz keçmişini tanıması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdam yenidən qurularkən onun tarixi kimliyi qorunur, müasir şəhərsalma prinsipləri ilə milli-mədəni dəyərlər uzlaşdırılır.
Bu gün Ağdam artıq yalnız dağıntıları ilə xatırlanan şəhər deyil. O, Azərbaycanın Zəfərinin, sarsılmaz iradəsinin və quruculuq qüdrətinin rəmzinə çevrilir. Bir zamanlar xarabalığa çevrilmiş şəhərin yerində yeni həyatın qurulması bütün dünyaya göstərir ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməklə kifayətlənmir, həmin əraziləri yenidən cənnətə çevirmək əzmindədir.
20 Noyabr – Ağdam Şəhəri Günü bu baxımdan xüsusi məna daşıyır. Bu gün həm işğaldan azadlığın sevincini, həm də böyük qayıdışın ümid və qürurunu özündə birləşdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Ağdam şəhəri və onun kəndləri əvvəlki həyatına qayıdacaq, Qarabağın ən gözəl və inkişaf etmiş yaşayış məkanlarından birinə çevriləcəkdir.
Ağdam yenidən qurulur, Ağdam dirçəlir, Ağdam öz doğma sakinlərini qarşılayır. Bu dirçəliş Azərbaycan xalqının tarixi Zəfərinin və gələcəyə inamının ən parlaq ifadəsidir.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li məktəbin əməkdaşı



