
Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət kursu ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu siyasətin mühüm istiqamətlərindən birini də Azərbaycanın Avropa ölkələri, o cümlədən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrinin inkişafı təşkil edir. Tarixi ənənələrə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan Azərbaycan-Böyük Britaniya münasibətləri bu gün yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd, ilk növbədə, uzun illər ərzində formalaşmış əməkdaşlığın davamlılığını təsdiqləməklə yanaşı, tərəfdaşlığın yeni istiqamətlərini və perspektivlərini müəyyənləşdirir.
Bəyannamənin 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanması Azərbaycan-Böyük Britaniya münasibətlərinin ardıcıl inkişafının bariz göstəricisidir. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsi üçün mühüm hüquqi-siyasi zəmin formalaşdırıb. Yeni Birgə Bəyannamə isə mövcud əlaqələri daha geniş strateji çərçivəyə daşıyaraq müasir dövrün çağırışlarına uyğunlaşdırır.
Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin xüsusi vurğulanması mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə tam uzlaşır. Ölkəmiz hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasının, dövlətlərin suveren hüquqlarına hörmət edilməsinin və regional təhlükəsizliyin təmin olunmasının tərəfdarı olub.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan sülh addımlarının əhəmiyyətinin vurğulanması da diqqətəlayiqdir. Bu, Azərbaycanın regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində nümayiş etdirdiyi siyasi iradəyə verilən önəmin göstəricisidir. Böyük Britaniyanın iki ölkə arasında ikitərəfli dialoq vasitəsilə davamlı sülhə nail olunması səylərini dəstəkləməsi isə Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini bir daha ön plana çıxarır.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi yer ayrılması mühüm əhəmiyyət kəsb edir. Tərəflərin regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması, müdafiə potensialının artırılması, təlim və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı razılıqları gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq istiqamətində nəzərdə tutulan tədbirlər institusional dayanıqlılığın möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi və ticari əməkdaşlıqdır. Böyük Britaniya Azərbaycanın müstəqillik tarixində mühüm iqtisadi tərəfdaşlardan biri kimi xüsusi yer tutur. Xüsusilə enerji sektorunda formalaşmış uzunmüddətli əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin güclənməsinə mühüm töhfə verib.
Yeni Bəyannamədə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bizneslərarası münasibətlərin inkişafı, infrastruktur və xidmət sektorlarında əməkdaşlığın gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığın nəzərdə tutulması Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyası ilə uzlaşır. Bu istiqamətdə Böyük Britaniyanın qabaqcıl texnologiyalarının, maliyyə imkanlarının və təcrübəsinin Azərbaycanla bölüşdürülməsi qarşılıqlı faydalı nəticələr vəd edir.
Bəyannamədə Orta Dəhlizin inkişafına verilən dəstək də strateji əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirdiyi genişmiqyaslı nəqliyyat və logistika layihələri ölkəmizi Şərq ilə Qərb arasında mühüm tranzit və bağlantı mərkəzinə çevirib. Bu baxımdan, Böyük Britaniya ilə nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunun daha da güclənməsinə şərait yarada bilər. Orta Dəhliz yalnız iqtisadi və ticari marşrut deyil, eyni zamanda regionlar və qitələr arasında əməkdaşlığı, qarşılıqlı asılılığı və etimadı gücləndirən mühüm geoiqtisadi platformadır.
Digər tərəfdən, maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi, kiçik və orta biznes subyektlərinin inkişafının dəstəklənməsi, ticarət maliyyələşdirilməsi və yaşıl maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına əlavə stimul verə bilər. Bu istiqamətdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi iqtisadi əlaqələrin sistemli və institusional əsaslarla inkişaf etdirilməsinə xidmət edir.
Strateji tərəfdaşlığın digər mühüm istiqamətini təhsil, elm və innovasiya sahəsində əməkdaşlıq təşkil edir. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız iqtisadi və siyasi potensialla deyil, həm də insan kapitalının inkişafı, elmi-texnoloji nailiyyətlər və innovativ yanaşmalarla müəyyən olunur. Bu baxımdan, Bəyannamədə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, elmi tədqiqatlar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulması xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və inkişaf etməkdə olan texnologiyalar üzrə təcrübə mübadiləsi iki ölkənin universitetləri, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında yeni tərəfdaşlıq imkanları yaradır. Böyük Britaniyanın təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsindən yararlanmaq Azərbaycan gənclərinin bilik və bacarıqlarının artırılması, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması və ölkəmizin innovasiya potensialının gücləndirilməsi baxımından faydalıdır.
Eyni zamanda, Bəyannamədə insanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafına xüsusi diqqət yetirilməsi strateji tərəfdaşlığın yalnız dövlət qurumları və iqtisadi strukturlar arasında əməkdaşlıqla məhdudlaşmadığını göstərir. Çünki davamlı və möhkəm tərəfdaşlığın əsasında xalqlar arasında qarşılıqlı anlaşma, etimad və birbaşa ünsiyyət dayanır. Bu baxımdan, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələri və müxtəlif peşə sahələrinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi ikitərəfli münasibətlərin ictimai əsaslarını daha da möhkəmləndirəcək.
Ümumilikdə, Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Sənəd siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyat və investisiyalardan enerji, nəqliyyat, təhsil, elm və innovasiyaya qədər geniş əməkdaşlıq sahələrini əhatə etməklə hərtərəfli tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını daha da genişləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni məzmun qazanması ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, iqtisadi potensialının artırılmasına və regional əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edən mühüm siyasi nailiyyətdir. Bu Bəyannamə bir daha təsdiq edir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın mühüm iştirakçısı kimi öz mövqeyini ardıcıl şəkildə gücləndirir.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



