AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasət tarixində mühüm hadisələrdən biridir. 12 noyabr 2026-cı il tarixində Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

Bu Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış siyasi etimadın, qarşılıqlı hörmətin və səmərəli əməkdaşlığın məntiqi nəticəsidir. Sənəddə 1994 və 1998-ci illərdə imzalanmış birgə bəyannamələrə istinad edilməsi ikitərəfli münasibətlərin möhkəm tarixi əsaslara söykəndiyini göstərir. Eyni zamanda, tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı mövqelərini bir daha təsdiqləyirlər.

Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bu çərçivədə hərbi təlimlər, institusional potensialın gücləndirilməsi, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə sahəsində qarşılıqlı fəaliyyətin inkişafı nəzərdə tutulur. Bu əməkdaşlıq regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Sənəddə iqtisadiyyat, ticarət və investisiya münasibətlərinə də xüsusi əhəmiyyət verilir. Xüsusilə bərpaolunan enerji, infrastruktur, maliyyə bazarları və yaşıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi maraqlar baxımından mühüm perspektivlər açır. Orta Dəhlizin inkişafına verilən dəstək isə Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyini daha da gücləndirə bilər.

Təhsil, elm, rəqəmsallaşma və innovasiya sahələrində əməkdaşlıq da Bəyannamənin mühüm istiqamətlərindəndir. Süni intellekt, elmi tədqiqatlar, peşə hazırlığı və universitetlərarası əlaqələrin inkişafı gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.

Bəyannamə çərçivəsində hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulması əməkdaşlığın davamlı və sistemli xarakter daşımasına xidmət edir. Ümumilikdə, bu sənəd Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinin, milli maraqlara əsaslanan praqmatik xarici siyasətinin və regional əməkdaşlıq imkanlarının güclənməsinin mühüm göstəricisidir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button