
Tarixi Zəngəzur mahalının qədim yaşayış məskənlərindən olan Qafan əsrlər boyu azərbaycanlıların doğma yurdu, zəngin tarixi və mədəni ənənələrin formalaşdığı bölgələrdən biri olmuşdur. Bu ərazinin kəndlərində xalqımızın tarixini, dini inanclarını, məişətini və ictimai həyatını özündə yaşadan çoxsaylı maddi-mədəniyyət nümunələri mövcud idi. Məscidlər, ziyarətgahlar, qədim qəbiristanlıqlar, qalalar, daş körpülər, ənənəvi yaşayış evləri və məktəb binaları Qafanın tarixi simasını formalaşdıran əsas elementlər idi. Bu abidələr sadəcə daşdan və digər tikinti materiallarından ucaldılmış tikililər deyildi; onlar əsrlər boyu həmin torpaqda yaşamış insanların varlığının, mənəvi dünyasının və tarixi yaddaşının canlı şahidləri idi.
XX əsrdə bölgədə baş verən siyasi və etnik qarşıdurmalar, azərbaycanlı əhalinin doğma yurdlarından sıxışdırılması və xüsusilə 1987–1989-cu illərdə həyata keçirilən deportasiya Qafanın tarixi-mədəni irsinin taleyində ciddi dönüş nöqtəsinə çevrildi. İnsanlar əsrlərlə yaşadıqları evlərini, ata-baba ocaqlarını, əcdadlarının uyuduğu qəbiristanlıqları tərk etməyə məcbur oldular. Onların gedişindən sonra isə bu abidələrin qorunub bir çoxu tarixi baxımsızlıq, dağıntı və müxtəlif müdaxilələrlə üz-üzə qaldı. Beləliklə, azərbaycanlıların bölgədən deportasiyası yalnız demoqrafik və sosial dəyişikliklərlə nəticələnmədi, həm də həmin ərazinin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı izlərinin zəifləməsi və silinməsi təhlükəsini yaratdı.
Oxçu, Şəhərcik və Keypəşin kəndlərində tarixən mövcud olmuş məscidlər həmin yaşayış məskənlərinin dini-mənəvi və ictimai həyatında mühüm yer tuturdu. Əsrlər boyu kənd sakinlərinin dini inanclarını, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan bu ibadət ocaqları yalnız namaz qılınan məkanlar deyil, həm də el-obanın bir araya gəldiyi, dini bayramların və mərasimlərin keçirildiyi müqəddəs yerlər idi. Məscidlər kəndlərin ictimai həyatında, nəsillər arasında mənəvi bağlılığın qorunmasında və dini ənənələrin ötürülməsində xüsusi rol oynayırdı.
XX əsrin əvvəllərində, xüsusilə 1918–1919-cu illərdə Zəngəzur bölgəsində baş vermiş qanlı hadisələr və sonrakı tarixi proseslər bu yaşayış məskənlərinin həyatına ağır təsir göstərmişdir. Həmin dövrdə bölgənin bir sıra kəndlərində yaşayış evləri və dini tikililər dağıntılara məruz qalmışdır. Sonrakı onilliklərdə isə məscidlərin bir qisminin dağıdılması, digərlərinin ilkin dini təyinatını itirməsi Qafanın dini-memarlıq irsində ciddi boşluqlar yaratmışdır. Gığı və Acıbac kəndlərindəki məscidlər də bölgənin qədim dini-memarlıq irsinin mühüm nümunələri sırasında idi. Tarixi məlumatlarda Gığı məscidinin X əsrə, Acıbac kəndindəki Tağlı məscidinin isə XVII əsrə aid olduğu göstərilir. Bu tikililər kənd sakinlərinin ibadət ehtiyaclarını ödəməklə yanaşı, dini mərasimlərin və ictimai görüşlərin keçirildiyi məkanlar kimi də fəaliyyət göstərirdi. Onların itirilməsi yalnız memarlıq nümunələrinin yox olması deyil, həm də həmin kəndlərin keçmişinə, dini həyatına və tarixi kimliyinə aid mühüm izlərin silinməsi deməkdir.
Yuxarı Girətağın Şərqmeşə adlanan ərazisində yerləşən Kəkilli pir də Qafan bölgəsinin qədim xalq inanclarını və ziyarət ənənələrini özündə yaşadan müqəddəs məkanlardan biri idi. Ərazidə yerləşən üç qədim palıd ağacı yerli sakinlər tərəfindən müqəddəs hesab edilir, onların budaqlarını qırmaq və hətta qurumuş odunlarından istifadə etmək belə yolverilməz sayılırdı. Kənd sakinləri dilək diləmək, qurban kəsmək və çıraq yandırmaq üçün buraya üz tuturdular. 1930-cu illərdə palıd ağaclarından birinin koğuşunda Quranın gizlədilməsi ilə bağlı yayılan rəvayət də bu məkanın dini təsəvvürlərdəki yerini göstərirdi. 1950-ci illərdə Pirdavdan kəndindəki sərdabəsi dağıdılan Seyid Mir Əhməd ağanın məzarının Kəkilli pirə köçürülməsi və oğlu Mir Əli ağa tərəfindən burada yeni sərdabənin inşa edilməsi pirin dini əhəmiyyətini daha da artırmışdır.Pirhəmzə və Piricavidan kimi ziyarətgahlar da Qafan bölgəsinin mənəvi xəritəsində xüsusi yer tuturdu. Pirhəmzə piri Acıbac və Kurud kəndlərinin dini-inanc mühiti ilə əlaqələndirilir. Bu cür ziyarətgahlar xalqın dini dünyagörüşünü, seyidlik ənənələrini və nəsildən-nəslə ötürülən mənəvi dəyərləri yaşadan məkanlar idi.
Qafanın kənd qəbiristanlıqları bölgənin keçmişini öyrənmək baxımından ən qiymətli tarixi mənbələrdən biri idi. Burada ərəb qrafikalı kitabələrə, sənduqə formasında hazırlanmış qəbir daşlarına, qoç və at fiqurlu məzar abidələrinə rast gəlinirdi. Bu daşlar yalnız dəfn ənənəsini deyil, həm də yerli sənətkarlıq zövqünü, dini inancları, sosial münasibətləri və müxtəlif tarixi dövrlərin estetik xüsusiyyətlərini əks etdirirdi. Xüsusilə qoç və at fiqurları Azərbaycan daş plastikası və memorial sənət ənənələrinin mühüm nümunələri kimi diqqəti cəlb edirdi.Açağu, Atqız, Pirdavdan, Gomaran, Kurud, Baharlı və Xalac kəndlərinin qəbiristanlıqları həmin yaşayış məskənlərinin keçmişi ilə bağlı mühüm izlər saxlayırdı. Bu məzarlıqların hər biri bir neçə nəslin tarixini özündə birləşdirir, qəbir daşlarının kitabələri və ornamentləri vasitəsilə kəndlərin demoqrafik, dini və mədəni keçmişi haqqında məlumat verirdi.
Lakin azərbaycanlı əhalinin deportasiyasından sonra bu məzarlıqların bir qisminin dağıdılması, qəbir daşlarının sındırılması və tarixi kitabələrin zədələnməsi barədə məlumatlar mövcuddur. Qəbiristanlıqlara qarşı törədilən vandalizm xüsusilə ağır mənəvi məna daşıyır. Çünki burada söhbət yalnız tarixi daşların və memarlıq nümunələrinin məhv edilməsindən getmir. Söhbət insanların son mənzilinin, ailə tarixinin, əcdadlarının xatirəsinin təhqir olunmasından gedir. Qəbir daşlarının sındırılması, kitabələrin silinməsi və məzarlıqların dağıdılması bir xalqın öz keçmişi ilə əlaqəsini kəsməyə yönəlmiş mədəni itkilərin ən ağrılı formalarından biridir.Qəbiristanlıqlar xalqın yaddaş kitabıdır. Hər daşın arxasında bir insan ömrü, bir ailənin taleyi, bir nəslin hekayəsi dayanır. Bu məkanların dağıdılması keçmişlə bu gün arasında qurulan mənəvi bağın qırılması deməkdir. İnsan öz doğma kəndindən uzaqda yaşaya bilər, lakin ata-babalarının uyuduğu torpaqla bağlılığını heç vaxt itirmir.
Qafan rayonun tarixi irsi yalnız dini tikililər və qəbiristanlıqlarla məhdudlaşmırdı. Qafan qalası və Oxçu qalası kimi müdafiə tikililəri bu ərazinin strateji mövqeyini, hərbi-siyasi tarixini və uzun əsrlər ərzində formalaşmış müdafiə sistemini əks etdirirdi. Xüsusilə Oxçu qalası Oxçuçayla Gığı çayının qovuşduğu ərazidə, təbii baxımdan əlverişli yüksəklikdə yerləşirdi. Belə coğrafi mövqe ətraf ərazilərə nəzarət etmək, çay vadilərindən keçən yolları müşahidə etmək və mümkün hücumlara qarşı müdafiəni təşkil etmək baxımından mühüm üstünlük yaradırdı. Qalanın yerləşdiyi ərazi Qafanın qədim hərbi-strateji coğrafiyasını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qafan qalasının taleyi isə tarixi abidələrə qarşı dağıdıcı müdaxilələrin başqa bir nümunəsi kimi diqqət çəkir. Mövcud məlumatlarda qalanın daşlarının sökülərək müxtəlif tikililərdə istifadə edildiyi və nəticədə abidənin yalnız xarabalıqlarının qaldığı bildirilir. Tarixi istehkamların bu şəkildə sökülməsi onların ilkin memarlıq quruluşunun, müdafiə funksiyasının və tarixi bütövlüyünün itirilməsi ilə nəticələnir.
Oxçu, Pirdavdan və Şabadin kəndlərinin ərazilərində Oxçuçay üzərində salınmış daş körpülər də yerli memarlıq irsinin diqqətəlayiq nümunələri sırasında idi. Tağlı daş körpülər kəndləri bir-birinə bağlayır, çay dərələrindən keçidi təmin edir və bölgənin təsərrüfat həyatına xidmət edirdi. Bu tikililər yerli ustaların daşyonma sənətini, mühəndislik təcrübəsini və dağlıq relyefə uyğun inşaat bacarıqlarını əks etdirirdi. Körpülərin bir qisminin zamanla sıradan çıxması və qalıqlarının zədələnməsi Qafanın tarixi mənzərəsində daha bir boşluq yaradıb.
Qafanın hər daşı bir tarix danışır, bəzi daşlar isə dağıdılmış bir irsin, susdurulmuş bir yaddaşın faciəsini pıçıldayır. Bu faciəli prosesin tarixi kökləri XX əsrin əvvələrində Cənubi Qafqazda güclənən etnik-siyasi qarşıdurmalara gedib çıxır. Xüsusilə 1905–1906-cı illərdə Zəngəzur qəzasında baş verən hadisələr azərbaycanlı əhalinin həyatında ağır izlər buraxmışdır. Həmin dövrdə erməni silahlı dəstələrinin azərbaycanlı kəndlərinə hücumları, yaşayış məntəqələrinin talan edilməsi, insanların qətlə yetirilməsi ilə yanaşı, onların əsrlər boyu yaratdıqları maddi-mədəni irs də ciddi dağıntılara məruz qalmışdır.Qafan bölgəsində bu hadisələrin ən faciəli səhifələrindən biri 1906-cı ilin avqustunda Oxçu-Şəbədək kəndləri ətrafında yaşandı. Tarixi qeydlərə görə, avqustun 9-da başlayan hücumlar zamanı yerli əhali bir neçə gün müqavimət göstərmiş, avqustun 14-də isə silahlı dəstələr kəndləri ələ keçirmişdilər. Sağ qalan sakinlərin bir qismi Saqqarsu dağına çəkilmiş, bir qismi isə Ordubad və Cəbrayıl istiqamətində sığınacaq axtarmağa məcbur olmuşdu. Bu hadisələr Qafanın Oxçu dərəsində yaşayan azərbaycanlıların yaddaşında silinməz faciə kimi qaldı.1918–1920-ci illərdə zorakılıqlar daha geniş miqyas aldı. Xüsusilə 1919-cu ilin noyabr-dekabr aylarında və 1920-ci ilin yanvarında Qafan, Gorus, Mehri və ətraf ərazilərdə azərbaycanlı kəndlərinə qarşı hücumlar, qətllər, talanlar və yandırılmalar haqqında tarixi məlumatlar mövcuddur. Həmin hadisələr nəticəsində çoxsaylı ailələr doğma yurdlarını tərk etməyə məcbur olmuşdular.Bu hadisələr zamanı vandalizm yalnız yaşayış evləri və kəndlərlə məhdudlaşmamış, xalqın əsrlər boyu yaratdığı mədəni irs də hədəfə alınmışdır. Qədim qəbiristanlıqların dağıdılması, qəbirüstü daşların sındırılması və aparılması, məscidlərin, dini ziyarətgahların və tarixi-memarlıq nümunələrinin sıradan çıxarılması bölgənin tarixi yaddaşına ağır zərbə vurmuşdur. Xüsusilə Qafanın Gığı dərəsində yerləşən Pürülü, Armudlu, Müsəlləm, Pəhyən və Gığı kəndlərinin qədim qəbiristanlıqlarında baş verən dağıntılar bu baxımdan diqqət çəkir. Tarixi materiallarda həmin ərazilərdəki qədim qəbir daşlarının yerindən götürülməsi və qəbiristanlıqların dağıdılması barədə məlumatlar yer alır.Sonrakı illərdə də bölgənin azərbaycanlı əhalisinin yurdlarından sıxışdırılması davam etdi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında qərarı qəbul edildi. 1948–1953-cü illərdə həyata keçirilən bu köçürmə minlərlə ailənin taleyinə təsir göstərdi. 1987–1988-ci illərdə isə Qafan və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı təzyiqlər və zorakılıqlar yenidən gücləndi, nəticədə onlar ata-baba yurdlarını tərk etməyə məcbur qaldılar.
Mənim üçün bu irsin araşdırılması və gələcək nəsillərə çatdırılması sadəcə elmi maraq deyil, həm də mənəvi borcdur. Arxiv sənədləri, köhnə fotoşəkillər, qəbirüstü kitabələr və doğma yurdlarından didərgin düşmüş insanların xatirələri Qafanın unudulmağa üz tutmuş tarixini yenidən canlandırmaq üçün qiymətli mənbələrdir. Hər bir sənəd, hər bir fotoşəkil, hər bir xatirə bir zamanlar mövcud olmuş həyatın və tarixi gerçəkliyin izidir. İnsan doğulduğu yurddan uzaq düşəndə təkcə evini, həyətini, küçəsini itirmir. O, uşaqlığının keçdiyi yolları, atasının addım səslərini, anasının pəncərədən boylandığı evi, babasının danışdığı xatirələri də özü ilə aparır. Bəlkə də ən ağır ağrı əcdadlarının uyuduğu torpağa gedə bilməməkdir. Bir vaxtlar ziyarət etdiyimiz qəbiristanlıqların, ibadət etdiyimiz məscidlərin, dilək dilədiyimiz pirlərin taleyindən xəbərsiz qalmaq yurd həsrətinin ən ağrılı tərəfidir. Dağıdılmış məscidlərin yerində bir zamanlar səslənən azanları, susmuş məktəblərin divarları arasında eşidilən uşaq səslərini, qəbiristanlıqlarda uyuyan əcdadlarımızın adlarını unutmaq olmaz. Çünki bu abidələr daşdan və torpaqdan ibarət deyil; onlar kimliyimizin, mənsubiyyətimizin və tarixi varlığımızın ayrılmaz hissəsidir. Daşları sökmək, kitabələri silmək, qəbiristanlıqları dağıtmaq olar, amma bir xalqın yaddaşında yaşayan tarixi yox etmək mümkün deyil.Mən bu yazını yalnız keçmişin abidələrindən bəhs edən araşdırma deyil, həm də doğma yurda ünvanlanan bir çağırış kimi görürəm. Qafanın hər daşı, hər qəbirüstü kitabəsi, hər susmuş məscidi bizim üçün bir xatirə, bir nisgil və tarixi həqiqətlərin üzə çıxarılması naminə məsuliyyətdir. Biz həmin torpaqlarda yaşamış, evlər tikmiş, məktəblər açmış, körpülər salmış, əcdadlarımızı o torpaqlarda dəfn etmişik. Bu tarix bizim yaddaşımızda yaşayır və onu gələcək nəsillərə çatdırmaq borcumuzdur.
Qoy dünya bilsin: Qafanın tarixi unudulmayıb! Onun daş yaddaşı, susmuş məscidləri, viran qalmış qəbiristanlıqları və doğma yurd həsrəti ilə yaşayan insanlarının xatirələri hələ də danışır. Daşlar susa bilər, kitabələr silinə bilər, amma tarix susmamalıdır. Çünki Qafanın adı bizim üçün sadəcə bir məkan deyil — ata-baba yurdudur, kökdür, yaddaşdır, bitməyən bir nisgildir.
Namiq Muradov,
Qərbi Azərbaycan İcması Gənclər Şurasının Üzvü



