GündəmSiyasətSosial

TÜRKİYƏ AZƏRBAYCAN QARDAŞLIĞI: İstanbulun Ürəyində Qarabağ Zəfərinin Möhtəşəm Təntənəsi

İstanbulda 8 Noyabr – Zəfər Günü Azərbaycan-Türkiyə qardaşlığının, milli həmrəyliyin və ortaq tarixi yaddaşın təntənəsinə çevrildi

İstanbulda Azərbaycan xalqının tarixi Zəfərinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Zeynəbiyə Hərəkatı Gənclər Mərkəzinin (ZHGM) təşkilatçılığı ilə keçirilən 8 Noyabr – Zəfər Günü mərasimi Azərbaycan-Türkiyə qardaşlığının, ortaq milli-mənəvi dəyərlərin və türk dünyasının həmrəyliyinin növbəti nümayişinə çevrilib.

Türkiyə Cəfəriləri Lideri çox hörmətli Şeyx Səlahəddin Özgündüzün iştirakı və mənəvi rəhbərliyi ilə keçirilən tədbir Qarabağ Zəfərinin Türkiyədə necə böyük sevgi, ehtiram və qürur hissi ilə qarşılandığını bir daha nümayiş etdirib.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi mübarizəyə həsr olunan mərasimdə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, yerli idarəetmə orqanlarının nümayəndələri, dini və ictimai xadimlər, ziyalılar, QHT rəhbərləri, hərbçilər, qazilər və yüzlərlə vətəndaş iştirak edib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Türkiyə Cəfəriləri Lideri Şeyx Səlahəddin Özgündüz, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, Kiçikçəkməcə rayonunun kaymakamı Mustafa Anteplioğlu, Azərbaycanın İstanbul Baş konsulunu təmsil edən Əli Abbasov, ZHGM-nin sədri Həsən Şapulu, Ələvi inancının öndərlərindən Serdar Gazi Karababa, Türk Dəniz Global Stratejilər Mərkəzinin (Türk DEGS) Qafqaz üzrə təhlükəsizlik eksperti, ehtiyatda olan polkovnik-qazi Akif Qasımov, Kiçikçəkməcə bələdiyyə sədri Kemal Çebinin müşaviri Eda Atış Adıyeke, Azərbaycan İpək Yolu İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, TADEF-in sədri Adalet Turan, Hərbi Hava Məktəbinin Elektronika Mühəndisliyi Bölümünün rəhbəri dosent Muhammet Ali Karabulut, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının sədri Əkbər Gəncə, Bakırköy hakimi Fatih Gök, İstanbul Universiteti-Cerrahpaşa Sosial Təsislər Koordinatoru, tədqiqatçı-yazar Tuğşad Ata Türkmen, CAFERİDER-in sədri Hasan Babur, Zeynəbiyə Dərnəyinin sədri Ali Şahintekin, Zəhra Ana Dərnəyinin sədri Meftune Atam, ATADER-in sədri Rüstem Atam, eləcə də müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasim Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, ardınca təqaüddə olan din xadimi Ömer Kurtun Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbirin açılışında çıxış edən Zeynəbiyə Hərəkatı Gənclər Mərkəzinin sədri Həsən Şapulu 8 Noyabrın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur mənbəyidir. Çanaqqala və Sakarya zəfərlərinin Türkiyə üçün daşıdığı mənəvi dəyər necə böyükdürsə, Qarabağ Zəfərinin də Azərbaycan və türk xalqı üçün eyni dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.

Şapulu Zeynəbiyə Hərəkatı Gənclər Mərkəzinin bu əlamətdar günü qardaş Azərbaycan xalqı ilə birlikdə qeyd etməsindən məmnunluğunu ifadə edib.

CAFERİDER-in sədri Həsən Babur isə çıxışında Qarabağ Zəfərinin Azərbaycan xalqının Vətən sevgisinin, müstəqillik iradəsinin və milli qətiyyətinin parlaq təzahürü olduğunu bildirib. O, 1992-ci ildən etibarən Azərbaycanın haqq işinə dəstək göstərdiklərini, Almaniyada həyata keçirdikləri fəaliyyətlərlə bu mübarizəyə töhfə verməyə çalışdıqlarını qeyd edib.

Tədbirin əsas çıxışlarından biri Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov tərəfindən edilib.

Uzun illər Azərbaycan Ordusunda xidmət etmiş, hərbi təcrübəsi və Qarabağ müharibəsinin iştirakçısı kimi mövqeyi ilə çıxış edən Akif Qasımov Qarabağ Zəfərinin yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirilməsinin tarixi mübarizənin miqyasını tam əks etdirmədiyini bildirib.

O, çıxışında Azərbaycanın 1991-ci ildən başlayan işğala qarşı mübarizəsinin, şəhidlərin fədakarlığının, qazilərin qəhrəmanlığının və xalqın sarsılmaz iradəsinin bu tarixi Qələbənin əsasını təşkil etdiyini vurğulayıb.

“Qarabağ Zəfəri Azərbaycan xalqının 30 ildən artıq davam edən mübarizəsinin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin fədakarlığının və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir. Bu Zəfəri yalnız 44 günlük Vətən müharibəsi ilə məhdudlaşdırmaq olmaz. Bu, 1991-ci ildən başlayan, minlərlə şəhidin, qazinin və itkin düşmüş soydaşımızın taleyində öz əksini tapan uzun və ağır mübarizənin tarixi yekunudur.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük hərbi hazırlıq, yüksək döyüş ruhu və milli iradə nümayiş etdirərək 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Türkiyə Cümhuriyyətinin və türk xalqının siyasi, mənəvi dəstəyi, müdafiə sənayesi sahəsində əməkdaşlığı və iki ölkə arasında formalaşmış strateji müttəfiqlik bu prosesdə mühüm əhəmiyyət daşıdı.

Qarabağ bizim üçün sadəcə coğrafi məkan deyil. Qarabağ milli kimliyimizin, tariximizin, mədəniyyətimizin və dövlətçilik yaddaşımızın ayrılmaz hissəsidir. Şuşanın azad edilməsi ilə nəticələnən Zəfər Azərbaycan xalqının qürurunu, inamını və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu.

Bu tarixi gündə Azərbaycanın haqq işinə hər zaman dəstək göstərmiş Türkiyə Cəfəriləri Lideri, hörmətli Şeyx Səlahəddin Özgündüzə xüsusi təşəkkürümü bildirirəm. Azərbaycan xalqının ən ağır günlərində də, Zəfər sevincini yaşadığı günlərdə də yanımızda olan belə mənəvi liderlərin dəstəyi bizim üçün böyük dəyər daşıyır.

Eyni zamanda, millət vəkilimiz cənab Şamil Ayrıma, Zeynəbiyə Hərəkatı Gənclər Mərkəzinin rəhbərliyinə, tədbirin təşkilində əməyi olan bütün şəxslərə və qardaş Türkiyə xalqına minnətdarlığımı bildirirəm.

Kiçikçəkməcə bələdiyyə sədri Kemal Çebinin müşaviri Eda Atış Adıyeke çıxışında Azərbaycanın qazandığı Zəfərin ortaq tarixi yaddaş və türk xalqlarının azadlıq iradəsi baxımından əhəmiyyətini vurğulayıb.

O, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsi ilə iki xalq arasındakı sarsılmaz qardaşlıq münasibətlərini dilə gətirib.

Azərbaycanın İstanbul Baş konsulunu təmsil edən Əli Abbasov isə 8 Noyabr – Zəfər Gününün Azərbaycan və bütün Türk dünyası üçün böyük qürur mənbəyi olduğunu bildirib. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğulayıb.

Kiçikçəkməcə rayonunun kaymakamı Mustafa Anteplioğlu 8 Noyabrın Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış böyük Qələbənin ildönümü olduğunu qeyd edib. O, Qarabağın azad edilməsinin bir xalqın Vətən sevgisini, müstəqillik iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdiyini bildirib.

AK Parti İstanbul millət vəkili Şamil Ayrım isə Qarabağ Zəfərinin böyük itkilər və fədakarlıqlar hesabına əldə olunduğunu vurğulayıb.

Ayrım çıxışında Azərbaycanın mübarizəsində Türkiyə Cümhuriyyətinin və 86 milyon türk vətəndaşının mənəvi dəstəyinin daim hiss olunduğunu bildirib. O, şəhidlərin xatirəsinin unudulmamasının və qazanılan Zəfərin gələcək nəsillərə çatdırılmasının vacibliyinə diqqət çəkib.

Tədbirin ən diqqətçəkən və mənəvi baxımdan təsirli çıxışlarından biri Türkiyə Cəfəriləri Lideri Şeyx Səlahəddin Özgündüzə məxsus olub.

Şeyx Səlahəddin Özgündüz çıxışında Zeynəbiyə icmasının Azərbaycan xalqı ilə münasibətlərinin yalnız bayram günləri ilə məhdudlaşmadığını, bu münasibətlərin Azərbaycanın ən ağır dövrlərində də sınaqdan keçdiyini vurğulayıb.

O, 1990-cı illərdə Azərbaycandan gələn yardım çağırışlarının yaratdığı kədəri, xalqın yaşadığı ağrıları və Şuşanın azad edilməsi xəbərinin doğurduğu böyük sevinci xatırladıb. Həmin illərdə Azərbaycan xalqının acısını öz acıları kimi yaşadıqlarını, duaları və ictimai çıxışları ilə qardaş xalqın yanında olduqlarını bildirib.

Özgündüz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi rəhmətlə yad edərək onun “Bir millət, iki dövlət” siyasi fəlsəfəsinin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ən dolğun şəkildə ifadə etdiyini qeyd edib.

O, Azərbaycan və Türkiyənin eyni Oğuz kökündən gələn, ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə sahib iki qardaş dövlət olduğunu vurğulayıb.

Şeyx Səlahəddin Özgündüz Prezident İlham Əliyevin Qarabağ məsələsində apardığı siyasi və diplomatik mübarizəyə, Azərbaycanın 30 il ərzində güclü ordu qurmasına və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə diqqət çəkib.

O, 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirlərinin nəticəsində Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdiyini də xatırladıb.

Özgündüzün çıxışının əsas məqamlarından biri Azərbaycan xalqının sevincinə şərik olmaqla yanaşı, onun ağrılı tarixinin də unudulmamasının vacibliyi olub.

Onun mesajı bir daha göstərib ki, Azərbaycan-Türkiyə qardaşlığı siyasi münasibətlərdən daha geniş məna daşıyır. Bu münasibətlər ortaq tarixə, mənəvi bağlılığa, qarşılıqlı etimada və çətin günlərdə nümayiş etdirilən həmrəyliyə əsaslanır.

Tədbir çərçivəsində ZHGM nümayəndə heyətinin əvvəlki aylarda Azərbaycana həyata keçirdiyi səfərlə əlaqədar Bibiheybət məscidinin cümə imamı tərəfindən Şeyx Səlahəddin Özgündüzə göndərilmiş xüsusi hədiyyə təqdim olunub.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının sədri Əkbər Gəncə tərəfindən ZHGM-nin sədri Həsən Şapuluya xatirə plaketi təqdim edilib.

Əli Əsgər Batının ifasında səsləndirilən “Qarabağ” şeiri isə tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

İstanbulda keçirilən 8 Noyabr – Zəfər Günü tədbiri Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi, milli-mənəvi dəyərləri və sarsılmaz qardaşlıq münasibətlərinin növbəti ifadəsi oldu.

Çox hörmətli Şeyx Səlahəddin Özgündüzün iştirakı, Zeynəbiyə Hərəkatı Gənclər Mərkəzinin təşkilatçılığı və Türkiyənin müxtəlif ictimai, siyasi və dini dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən mərasim Qarabağ Zəfərinə göstərilən ehtiramın İstanbulda geniş ictimai dəstək qazandığını nümayiş etdirdi.

Bu tədbir bir daha təsdiqlədi ki, Qarabağ Zəfəri yalnız Azərbaycanın hərbi Qələbəsi deyil. Bu, 30 ildən artıq davam edən milli mübarizənin, şəhidlərimizin müqəddəs xatirəsinin, qazilərimizin fədakarlığının, xalqımızın birliyinin və müstəqil dövlətçilik iradəsinin tarixi nəticəsidir.

Qarabağın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

BİR MİLLƏT, İKİ DÖVLƏT! YAŞASIN AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI!

Oxşar Xəbərlər

Back to top button