
Azərbaycanın dövlətçilik tarixində Konstitusiya quruculuğu müxtəlif mərhələlərdən keçmişdir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm dövlətçilik institutları formalaşdırsa da, mövcud olduğu 23 ay ərzində ayrıca Konstitusiya qəbul edə bilməmişdir. Buna baxmayaraq, Cümhuriyyət dövrü Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişafında mühüm mərhələ olmuşdur.
Sovet hakimiyyəti illərində Azərbaycan SSR-in müxtəlif Konstitusiyaları qəbul edilmişdir. 1921, 1927 və 1937-ci illərdə qəbul edilən sənədlər həmin dövrün siyasi və ideoloji sisteminin hüquqi əsaslarını müəyyən edirdi. 1978-ci il Konstitusiyası isə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası ölkənin yeni hüquqi sistemə ehtiyacını yaratdı. Müstəqil dövlətin suverenliyini, hakimiyyət sistemini, insan hüquqlarını və demokratik inkişaf prinsiplərini əks etdirən yeni Əsas Qanunun hazırlanması zərurətə çevrildi. Bu tarixi vəzifə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirildi.
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi təməlini yaratdı. Sənəd noyabrın 27-də qüvvəyə mindi və ölkənin siyasi, hüquqi və ictimai həyatında yeni mərhələnin əsasını qoydu. Bu hadisə müasir Azərbaycan dövlətçiliyinin mühüm tarixi nailiyyəti kimi qiymətləndirilir.
Konstitusiyanın tarixi əhəmiyyəti onun qəbul edildiyi dövrlə məhdudlaşmır. Əsas Qanun müstəqilliyin qorunması, dövlət institutlarının inkişafı və milli maraqların təmin edilməsi baxımından bu gün də mühüm rol oynayır. Azərbaycanın gələcək nəsilləri üçün Konstitusiya dövlətçilik tariximizin hüquqi yaddaşı və inkişaf istiqamətidir.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



