
Noyabr ayının 12-də ölkəmizdə çox əlamətdar bir hadisənin ildönümü qeyd olunur. Belə ki, Azərbaycan Respublikasının əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib və müstəqilliyimiz bərpa edildikdən sonra ilk Konstitusiyamızdır.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, daha sonra buna uyğunlaşdırılaraq 1925-ci il martın 14-də yenidən IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə ümummilli lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğu sahəsində atılan ən önəmli addımlardan biri idi. Bu əlamətdar hadisənin təşəbbüskarı isə məhz ulu öndər Heydər Əliyev olub. Dahi şəxsiyyət bütün sahələrin dirçəlişinə və inkişafına diqqət göstərdiyi kimi, qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsinə, xüsusilə ölkəmizin ana qanunu olan Konstitusiyamızın qəbul edilməsi prosesinə də xüsusi diqqət göstərirdi, bunun dövlətçilik tariximizdə olduqca vacib bir addım olduğunu vurğulayırdı. Hər bir müstəqil dövlətin varlığı, suverenliyi və gələcək inkişaf istiqamətləri onun əsas qanunu – Konstitusiya ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin modern hüquqi təfəkkürlə qovuşmasının, müstəqillik illərində əldə edilən nailiyyətlərin və gələcəyə hesablanmış strateji baxışın məhsuludur.
Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olub. Konstitusiyaya ilk əlavə və dəyişikliyin 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. İnkişaf edən, daim yenilənən və dövrün tələblərindən, mövcud vəziyyətindən irəli gələrək qanunvericilik bazasının, ölkə Konstitusiyasının təkmilləşdirilməsinə, orada əlavə və dəyişikliklərin edilməsi zərurəti yaradır. Sözsüz ki, təklif edilən əlavə və dəyişikliklər referendum yolu ilə xalqa təqdim edilir və səsvermə nəticəsində qəbul edilir. Bu baxımdan zaman-zaman Konstitusiyamıza edilən əlavə və dəyişikləri xalqımızın iradəsinin təzahürü kimi qiymətləndirmək olar. Ulu öndər Heydər Əliyevin 1996-cı il 6 fevral tarixli sərəncamı ilə hər il noyabrın 12-i Konstitusiya Günü kimi qeyd edilir. Bir sözlə, Azərbaycan Respublikasının Konstitusiyası Günü – dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, xalqımızın suveren iradəsini, hüquqi dövlət quruculuğu ideallarını və demokratik dəyərləri özündə ehtiva edən ən əlamətdar bayramlardan biridir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü sadəcə təqvim bayramı deyil, həm də cəmiyyətimizin hüquq və azadlıqlara, demokratik prinsiplərə sadiqliyinin təntənəsidir. 12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Əsas Qanunumuz cəmiyyətin sabitliyini, vətəndaşların hüquq bərabərliyini və dövlətin qüdrətini təmin edən sarsılmaz təməldir. Hüquqi dövlət ideallarına sadiq qalaraq, hər bir vətəndaş Konstitusiyanın tələblərinə hörmətlə yanaşmalı, hüquq və azadlıqları ilə yanaşı vəzifələrini də dərk etməlidir. Güclü Konstitusiya – güclü dövlətin, azad və firavan cəmiyyətin zəmanətidir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri



