AnalitikaGündəmSiyasət

DÖVLƏT BAYRAĞI – GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRÜLƏN MİLLİ DƏYƏR

Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycan Dövlət Bayrağı bu dəyərlərin ən mühüm daşıyıcılarından biridir. Üçrəngli bayrağımız uşaqlara və gənclərə vətənpərvərlik, dövlətə sədaqət, milli kimliyə bağlılıq və müstəqilliyin qədrini bilməyi aşılayan mənəvi məktəbdir.

Bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dövrdən başlayır. 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq müstəqil dövlətçilik ideyasının təcəssümü idi. Onun rəngləri xalqımızın tarixi köklərini, müasir inkişaf məqsədlərini və mənəvi dünyasını ifadə edir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə üçrəngli bayrağımızın yenidən ucaldılması milli yaddaşın bərpası baxımından böyük əhəmiyyət daşıyırdı. Bu hadisə sübut etdi ki, dövlət rəmzləri yalnız siyasi atribut deyil, həm də xalqın mənəvi varlığının ayrılmaz hissəsidir.

Müasir dövrdə məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif ictimai tədbirlərdə Dövlət Bayrağı Gününün qeyd edilməsi gənc nəslin milli ruhda tərbiyəsinə xidmət edir. Şagirdlərin və tələbələrin dövlət rəmzlərinin tarixini öyrənməsi onların vətəndaşlıq məsuliyyətini artırır. Bayrağa ehtiramın ailədən, təhsil müəssisəsindən və cəmiyyətdən başlaması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın gələcəyi milli dəyərlərinə bağlı, savadlı, məsuliyyətli və vətənpərvər gənclərin əlindədir. Bu gənclər üçrəngli bayrağımızın ifadə etdiyi idealları yaşatmalı və dövlətimizin inkişafına töhfə verməlidirlər. Bayrağımız gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli milli əmanətlərdən biridir.

Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button