
“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri xalqımızın tarixi Zəfərə gedən yolunu, illərlə davam edən mübarizəsini və böyük qayıdış arzusunu özündə əks etdirir. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu tarix yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin, xalq-ordu birliyinin və tarixi ədalətin bərpasının təntənəsidir.
Uzun illər Azərbaycan xalqı torpaqlarımızın işğalı, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın ağır taleyi və Qarabağ həsrəti ilə yaşadı. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazilərinin bir hissəsi işğal olundu, şəhər və kəndlərimiz dağıdıldı, yüz minlərlə insan öz doğma yurdunu tərk etməyə məcbur qaldı. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, beynəlxalq hüququn tələblərinə baxmayaraq, münaqişənin həlli istiqamətində uzun illər ərzində real nəticə əldə edilmədi. Münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılması cəhdləri isə əslində işğalın davam etməsinə şərait yaradırdı.
Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Dövlətimizin əsas məqsədi ərazi bütövlüyümüzün bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və tarixi ədalətin təmin edilməsi idi. Bu məqsədə çatmaq üçün ölkəmiz bütün istiqamətlərdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ordu quruculuğunun prioritet istiqamətə çevrilməsi gələcək Qələbənin möhkəm təməlini formalaşdırdı.
Xüsusilə hərbi sahəyə ayrılan diqqət və dövlət büdcəsində müdafiə xərclərinin artırılması Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsinə imkan yaratdı. Müasir silah və texnikanın alınması, hərbi infrastrukturun yenilənməsi, döyüş hazırlığının artırılması Azərbaycanın müdafiə və hücum qabiliyyətini gücləndirdi. Bütün bunlar təsadüfi addımlar deyil, gələcək Zəfərə hesablanmış ardıcıl dövlət siyasətinin tərkib hissəsi idi.
Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”. Bu fikir Azərbaycanın Qələbəyə hansı siyasi, iqtisadi və hərbi hazırlıq mərhələlərindən keçərək çatdığını aydın şəkildə ifadə edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrildi. Həmin gündən etibarən bütün xalqımız vahid amal ətrafında birləşdi. Cəbhədə əsgər və zabitlərimiz torpaqlarımızın azadlığı uğrunda döyüşür, arxa cəbhədə isə hər bir vətəndaş öz dəstəyi, həmrəyliyi və inamı ilə bu mübarizəyə töhfə verirdi. Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, Vətən sevgisi və milli birlik ən böyük gücümüzdür.
Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu hər gün yeni uğurlara imza atırdı. Prezident İlham Əliyevin “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri həmin günlərin döyüş salnaməsini dəqiq ifadə edir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi, strateji yüksəkliklərə nəzarətin təmin olunması ordumuzun döyüş qüdrətini və yüksək peşəkarlığını bütün dünyaya göstərdi.
Bu müharibədə Azərbaycan əsgərinin qəhrəmanlığı, iradəsi və Vətənə bağlılığı xüsusi yer tutur. Hərbçilərimiz döyüş meydanına “Öldü var, döndü yoxdur!” şüarı ilə gedir, hər qarış torpaq uğrunda son damla qanlarınadək mübarizə aparırdılar. Onların göstərdiyi şücaət, şəhidlərimizin müqəddəs fədakarlığı və qazilərimizin qəhrəmanlığı Zəfər tariximizin ən şərəfli səhifələridir. Bu Qələbə hər birimizin qəlbində əbədi yaşayacaq.
Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin taleyini həll edən həlledici hadisəyə çevrildi. Məhz həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək Şuşanın azad olunduğunu bəyan etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Beləliklə, Azərbaycan öz hərbi-siyasi gücünü, xalqının birliyini və dövlətinin qətiyyətini nümayiş etdirərək uzun illər davam edən işğala son qoydu.
Zəfərin təntənəsi 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan Ordusunun qüdrəti, hərbi qulluqçularımızın qəhrəmanlığı və qazanılmış Qələbənin möhtəşəmliyi həmin gün xalqımızın qüruruna çevrildi. Bu parad həm də şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq və Azərbaycanın güclü dövlət kimi beynəlxalq aləmdə mövqeyinin nümayişi idi.
Lakin 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın qarşısında duran tarixi vəzifələrin sonu deyil, yeni mərhələnin başlanğıcı idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz postmünaqişə dövründə də öz milli maraqlarını qətiyyətlə qorudu, dövlət suverenliyinin tam təmin olunması istiqamətində mühüm addımlar atdı. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüquqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçılığa son qoyuldu, ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.
Bu tarixi hadisələr bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Bu gün Azərbaycanın əsas hədəflərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına və regionda əməkdaşlıq imkanlarının genişləndirilməsinə tərəfdardır. Dövlət başçısının “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh” fikri Azərbaycanın mövqeyini aydın ifadə edir. Sülh yalnız beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və suverenlik prinsiplərinə əsaslandığı təqdirdə davamlı ola bilər.
Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” bəyanatı bu mərhələnin əsas istiqamətini müəyyənləşdirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, yollar, tunellər, körpülər, elektrik stansiyaları, yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər inşa olunur. Doğma yurdlarına qayıdan sakinlərin öz evlərində yeni həyata başlaması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
Qələbənin dəyəri, ilk növbədə, onu bizə bəxş edən qəhrəmanların xatirəsinə ehtiramla ölçülür. Şəhidlərimizin ailələrinin, müharibə əlillərinin və qazilərimizin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, tibbi və sosial reabilitasiyası, müalicəsi və digər ehtiyaclarının qarşılanması istiqamətində ardıcıl iş aparılır.
Dövlət başçısının vurğuladığı kimi, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət qayğısı ilə əhatə olunmalı, sağlamlığını itirmiş qazilərimizə daim diqqət göstərilməlidir. Mən hesab edirəm ki, bu qayğı yalnız sosial öhdəlik deyil, həm də milli-mənəvi borcumuzdur. Çünki bu gün sahib olduğumuz azadlıq və əmin-amanlıq məhz onların fədakarlığı sayəsində mümkün olub. Müharibə iştirakçılarına göstərilən diqqət, onların cəmiyyətə inteqrasiyası və layiqli həyat şəraitinin təmin edilməsi Zəfərimizin mənəvi dəyərlərinə sadiqliyimizin ifadəsidir.
Bütün bu proseslərin mərkəzində isə milli birlik dayanır. Vətən müharibəsi xalqımızın həmrəyliyinin, dövlətinə və ordusuna inamının nə qədər böyük gücə malik olduğunu sübut etdi. Prezident İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri bu gün də öz aktuallığını qoruyur. Zəfəri bizə qazandıran birlik və həmrəylik bundan sonra da ölkəmizin inkişafının, təhlükəsizliyinin və beynəlxalq nüfuzunun əsas dayaqlarından biri olmalıdır.
Mənim qənaətimcə, 8 Noyabr yalnız təqvimdə qeyd olunan əlamətdar gün deyil. Bu tarix Azərbaycan xalqının öz gücünə inamının, milli qürurunun və gələcəyə olan sarsılmaz ümidinin ifadəsidir. Zəfərə aparan yol göstərdi ki, güclü dövlətçilik, düşünülmüş siyasət, qüdrətli ordu və xalq birliyi bir araya gəldikdə ən çətin tarixi vəzifələr belə reallaşa bilər.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. Həqiqətən də, Zəfər tariximiz gələcək nəsillərə Vətən sevgisinin, qətiyyətin, fədakarlığın və milli birliyin ən böyük nümunəsi kimi ötürüləcək.
8 Noyabr – Zəfər Günü müstəqil Azərbaycanın gücünün, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsidir. Bu Zəfər bizim qürurumuz, şəhidlərimizin əbədi xatirəsi, qazilərimizin qəhrəmanlıq salnaməsi və gələcək nəsillərimizə ən qiymətli mirasımızdır.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



