AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Rəşadət Xalıqov: Şuşanın yenidən dirçəlişi Azərbaycanın qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymasının parlaq göstəricisidir

“Şuşa milli kimliyimizin, dövlətçilik ənənələrimizin, mənəvi yaddaşımızın və mədəni irsimizin təcəssümüdür. Qarabağın tacı, Qafqazın incisi adlandırılan bu qədim şəhərimiz əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyətin, formalaşdırdığı ictimai-siyasi düşüncənin və milli özünüdərkin mühüm mərkəzlərindən biri olub. Bu gün Şuşanın adı həm də müasir Azərbaycan tarixinin ən böyük siyasi və hərbi nailiyyətlərindən biri – tarixi ədalətin bərpası ilə assosiasiya olunur. Şuşanın azadlığına qovuşması uzun illər ərzində formalaşmış milli iradənin, ardıcıl dövlət siyasətinin, güclü diplomatiyanın və hərbi qüdrətin məntiqi nəticəsi idi. Bu tarixi prosesin siyasi əsaslarının möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin isə bu strategiyanı müasir dövrün çağırışlarına uyğun şəkildə həyata keçirməsinin müstəsna əhəmiyyəti var. Ulu Öndərin siyasi irsi Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, milli maraqların qorunmasına və gələcək Zəfərin ideoloji-siyasi təməllərinin formalaşmasına xidmət edib. Şuşanın inkişafına göstərdiyi xüsusi diqqət də bu şəhərin milli-mədəni həyatımızdakı əvəzsiz mövqeyinin dövlət səviyyəsində qorunmasının mühüm nümunəsi idi”.

Bunu açıqlamasında YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qaldı. Lakin işğal illərində xalqımızın tarixi yaddaşını, doğma torpaqlara bağlılığını və azadlıq əzmini sarsıtmaq mümkün olmadı. Azərbaycan bütün beynəlxalq platformalarda ərazi bütövlüyünü müdafiə etdi, diplomatik müstəvidə prinsipial mövqeyini qorudu, eyni zamanda iqtisadi və hərbi potensialını gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrildi. Bu gücün əsasını isə milli birlik, iqtisadi inkişaf, müasir ordu quruculuğu və qətiyyətli siyasi iradə təşkil edirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini real nəticəyə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir hərb tarixində nümunə göstəriləcək əməliyyatlar həyata keçirdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi hərbi-strateji baxımdan müharibənin taleyini müəyyənləşdirən həlledici hadisəyə çevrildi. Azərbaycan hərbçilərinin mürəkkəb relyef şəraitində, qayalıqlardan və keçilməz dağ yollarından keçərək şəhərə daxil olması yüksək peşəkarlığın, misilsiz qəhrəmanlığın və Vətən sevgisinin təntənəsi idi. Şuşa əməliyyatı sübut etdi ki, Azərbaycan Ordusu döyüş ruhu, hazırlığı və strateji düşüncəsi ilə böyük hərbi qüvvədir.

“Şuşanın azad edilməsi Azərbaycanın beynəlxalq nüfuzuna da yeni siyasi məzmun qazandırdı. Bu Qələbə ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək iradəsinin, milli maraqlarını müstəqil şəkildə müdafiə etmək gücünün nümayişi oldu. Azərbaycan sübut etdi ki, güclü dövlətçilik, prinsipial diplomatiya, iqtisadi dayanıqlılıq və qüdrətli ordu vahid strategiya ətrafında birləşdikdə ən mürəkkəb tarixi vəzifələr belə yerinə yetirilə bilər. Şuşanın azad olunması ilə yanaşı, şəhərdə üçrəngli Dövlət Bayrağımızın ucaldılması milli suverenliyin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi”.

Rəşadət Xalıqov əlavə edib ki, bu gün Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qələbənin davam edən tarixi mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin tarixi-memarlıq siması qorunur, dağıdılmış infrastruktur yenidən qurulur, yaşayış, təhsil və mədəniyyət obyektləri bərpa edilir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi bu şəhərin əvvəlki şöhrətinin qaytarılması ilə yanaşı, onun beynəlxalq mədəniyyət məkanında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı isə quruculuq siyasətinin ən mühüm humanitar və sosial nəticələrindəndir. Şuşa Şəhəri Günü bu baxımdan müstəqil Azərbaycanın gücünün, milli həmrəyliyinin, ərazi bütövlüyünə sadiqliyinin və gələcəyə inamının ifadəsidir. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin fədakarlığı bu Zəfərin mənəvi təməlini təşkil edir.

Oxşar Xəbərlər

Back to top button