
Hər bir müstəqil dövlətin gücünü, hüquqi əsaslarını və gələcək inkişaf istiqamətini müəyyən edən əsas sənəd onun Konstitusiyasıdır. Azərbaycan Respublikasının Konstitusiyası da dövlətçiliyimizin möhkəmlənməsində, milli suverenliyimizin qorunmasında və cəmiyyət həyatının hüquqi prinsiplər əsasında qurulmasında mühüm rol oynayır. 12 Noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, müstəqilliyimizin hüquqi əsaslarının formalaşmasını təcəssüm etdirən əlamətdar gündür.
Müstəqil dövlətçiliyimizin hüquqi təməli
Azərbaycanın müasir Konstitusiya tarixində ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilməsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd ölkəmizdə hüquqi dövlət quruculuğunun əsasını qoydu. 1995-ci il noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Burada dövlətin idarəçilik prinsipləri, hakimiyyətin təşkili, vətəndaşların hüquq və azadlıqları, eləcə də cəmiyyətin əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. Əsas Qanunumuzun başlıca prinsiplərindən biri Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olmasıdır.
Hüquq və azadlıqların təminatçısı
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına xüsusi yer ayırmasıdır. Hər bir insanın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, fikir və söz azadlığından istifadə etmək, qanun qarşısında bərabər olmaq kimi hüquqları bu sənəddə təsbit edilib. Bu baxımdan Konstitusiya yalnız dövlət idarəçiliyini tənzimləyən sənəd deyil, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasının əsas təminatıdır.
Zaman keçdikcə cəmiyyətin inkişafı və yeni tələblərin meydana çıxması Konstitusiyada müəyyən dəyişikliklərin edilməsini də zəruri edib. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin və hüquqi sistemin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Gənclərin hüquqi bilikləri və vətəndaş məsuliyyəti
Gənclər olaraq hesab edirəm ki, Konstitusiyanın əhəmiyyətini yalnız bayram günlərində xatırlamaq kifayət deyil. Hər bir gənc öz hüquqlarını bilməli, eyni zamanda üzərinə düşən vəzifələri də dərk etməlidir. Çünki hüquqi biliklərə sahib olmaq insanın cəmiyyətdə daha məsuliyyətli mövqe tutmasına, qanunlara hörmətlə yanaşmasına və ölkənin inkişafında fəal iştirakına kömək edir.
Bu gün Azərbaycanın gələcəyinin qurulmasında gənclərin üzərinə böyük məsuliyyət düşür. Təhsilə, elmə, innovasiyalara və ictimai fəaliyyətə maraq göstərən, hüquq və vəzifələrini bilən gənclər dövlətimizin inkişafına mühüm töhfə verə bilərlər. Məhz buna görə də Konstitusiyanın mahiyyətini öyrənmək və onun prinsiplərinə əməl etmək hər birimizin vətəndaşlıq borcudur.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü bizə bir daha xatırladır ki, müstəqil dövlətimizin möhkəm təməli qanunun aliliyinə, insan hüquqlarına və xalqın iradəsinə əsaslanır. Konstitusiyamız dövlətimizin bu gününü hüquqi təminatlarla qoruyan, gələcəyinə isə istiqamət verən ən mühüm sənədlərdən biridir. Əminəm ki, hər bir vətəndaşın qanunlara hörmət etdiyi, hüquq və vəzifələrini dərk etdiyi cəmiyyətdə dövlətçilik ənənələrimiz daha da möhkəmlənəcək, Azərbaycanın inkişafı davamlı olacaqdır.
Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı



