AnalitikaGündəmSiyasət

Azad Füzuli: Zəfərdən Böyük Qayıdışa

17 oktyabr Azərbaycan tarixində həm qürur, həm də hüzn hisslərini özündə birləşdirən əlamətdar günlərdən biridir. 2020-ci ilin həmin günündə, 44 günlük Vətən müharibəsinin 21-ci günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru irəliləyişdə mühüm mərhələ olmaqla yanaşı, dövlətimizin siyasi iradəsinin, Ordumuzun döyüş qüdrətinin və xalqımızın sarsılmaz birliyinin təcəssümünə çevrildi.

Füzulinin azad edilməsi xəbəri xalqımıza böyük sevinc və qürur yaşatdı. Lakin həmin günün səhəri Gəncə şəhərinin növbəti dəfə ballistik raket hücumuna məruz qalması bu sevincə ağır hüzn də qatdı. Dinc əhalinin yaşadığı ərazilərin hədəfə alınması nəticəsində insanlar həlak oldu, onlarla mülki şəxs yaralandı. Müharibənin gedişində mülki əhaliyə qarşı törədilən bu cür hücumlar Azərbaycanın üz-üzə olduğu düşmənin xislətini bir daha nümayiş etdirirdi.

Belə ağır şəraitdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti xüsusi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı Füzuli şəhərinin və bir sıra kəndlərin işğaldan azad edildiyini bəyan edərək Azərbaycanın öz torpaqlarını azad etmək əzmindən dönməyəcəyini nümayiş etdirdi. Prezidentin səsləndirdiyi “Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” bəyanatı xalqın iradəsini, milli qürurunu və tarixi ədalətin bərpasına inamını ifadə edən sözlər kimi yaddaşlara həkk olundu.

Füzuli uğrunda döyüşlər İkinci Qarabağ müharibəsinin ən mühüm hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Uzun illər ərzində möhkəmləndirilmiş müdafiə mövqelərinin yarılması Azərbaycan Ordusunun hazırlıq səviyyəsini, hərbi texnologiyalardan istifadə imkanlarını, peşəkarlığını və əməliyyat çevikliyini nümayiş etdirdi. Füzulinin azad edilməsi cənub istiqamətində irəliləyiş üçün əlverişli şərait yaratdı və sonrakı əməliyyatların uğurla davam etdirilməsinə mühüm töhfə verdi.

Bu uğurun arxasında yalnız döyüş meydanındakı qəhrəmanlıq deyil, həm də Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hərbi-siyasi strategiya dayanırdı. Məhz dövlətin siyasi iradəsi, Ordunun döyüş qabiliyyəti, hərbi qulluqçuların fədakarlığı və xalqın birliyi vahid məqsəd ətrafında birləşərək Azərbaycanın Zəfər yolunu müəyyənləşdirdi. Füzuli qələbəsindən sonra cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlar, o cümlədən Zəngilan və Qubadlının azad olunması bu strateji irəliləyişin mühüm nəticələri oldu.

Füzulinin azad edilməsi həm də Azərbaycan xalqının mənəvi gücünü və tarixi yaddaşını yenidən canlandırdı. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidi daha da möhkəmləndi, cəbhədə vuruşan əsgər və zabitlərimizin döyüş əzmi yüksəldi. Bu qələbə göstərdi ki, torpaqlarına bağlılıq, milli həmrəylik və dövlətçilik iradəsi ən çətin sınaqlar qarşısında belə xalqı vahid amal ətrafında birləşdirə bilir.

Rayonlarımızın azadlığı ilə başlayan yeni mərhələ Azərbaycanın qarşısında daha bir mühüm vəzifə qoydu: işğal dövründə dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun qurulması və doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Bu proses yalnız dağıdılmış şəhərin yenidən qurulması deyil, həm də həyatın, iqtisadi fəallığın və sosial rifahın geri qaytarılması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilərək 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi bu quruculuq siyasətinin diqqətçəkən nümunələrindən biri oldu. Qarabağın hava qapısı kimi fəaliyyət göstərən hava limanı işğaldan azad edilmiş ərazilərin nəqliyyat əlçatanlığının artırılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və regionun turizm potensialının inkişafına xidmət edir. Eyni zamanda, yeni yolların, körpülərin və digər infrastruktur obyektlərinin yaradılması Füzulinin gələcək inkişafı üçün mühüm zəmin formalaşdırır.

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı Füzuli tarixinin yeni səhifəsini yazır. 2023-cü il avqustun 18-dən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması işğaldan azad edilmə ilə başlayan tarixi prosesin real nəticələrini göstərir. Müasir yaşayış binaları, sosial obyektlər, təhsil müəssisələri və yenilənən infrastruktur Füzulinin yenidən həyatla dolmasına xidmət edir. Beləliklə, hərbi Zəfər quruculuq, inkişaf və insanların doğma torpaqlarına qayıdışı ilə tamamlanan yeni mərhələyə çevrilir.

17 oktyabrın tarixi əhəmiyyəti məhz bu ardıcıllıqda daha aydın görünür: əvvəlcə torpaq işğaldan azad edildi, sonra həmin torpaqda həyatın bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirildi. Füzulinin timsalında Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa etmək əzmini, həm də dağıdılmış əraziləri yenidən qurmaq iradəsini nümayiş etdirdi.

Bu tarixi Zəfərin mərkəzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi dayanır. Füzulinin azadlığı bir daha göstərdi ki, dövlətin qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş strateji məqsədlər və milli həmrəylik birləşdikdə tarixi ədalətin bərpası üçün real imkanlar yaranır.

Arzu Cahangirova,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədri

Oxşar Xəbərlər

Back to top button