
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı milli ideologiyanın qorunması, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, təhsilin və vətənpərvərliyin gənc nəslin formalaşmasında mühüm rolunu bir daha ön plana çıxarmışdır. Prezident çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq, bu sahədə təhsilin və vətənpərvərliyin vacibliyini qeyd etmişdir.
Milli ideologiyanın məktəblərdə təbliği yalnız dərsliklər və maarifləndirici tədbirlərlə məhdudlaşmır. Şagirdlərin gündəlik davranışı, məktəb mühiti, milli-mənəvi dəyərlərə münasibəti də bu prosesin mühüm tərkib hissəsidir. Bu baxımdan vahid məktəbli forması xüsusi əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında bərabərlik və kollektivlik hissini gücləndirir, məktəbə bağlılığı və intizamı təşviq edir.
Vahid məktəbli forması həm də şagirdlərdə ümumi məqsəd ətrafında birləşmək, bir-birinə hörmət etmək və təhsil müəssisəsini təmsil etmək məsuliyyətini formalaşdırır. Məktəbli formasına hörmət məktəbin qaydalarına, ictimai davranış mədəniyyətinə və milli-mənəvi dəyərlərə hörmətin bir ifadəsi kimi dəyərləndirilə bilər.
Beləliklə, milli ideologiyanın əsas məqsədlərindən biri vətənini sevən, dövlətinə və milli dəyərlərinə bağlı, savadlı və məsuliyyətli gənclər yetişdirməkdir. Məktəbli forması bu tərbiyə prosesinin kiçik, lakin əhəmiyyətli bir hissəsidir. Məktəbdə birlik, təhsildə keyfiyyət, gənc nəsildə vətənpərvərlik — güclü gələcəyimizin əsas dayaqlarıdır.
Əzizova Məhluqə,
129 Nömrəli tam orta məktəbin direktoru


