
Dünyəvi təhsil sistemi müxtəlif dini və fəlsəfi baxışlara malik insanların ümumi təhsil məkanında bərabər iştirakını təmin edən mühüm prinsipdir. Bu yanaşma dini inancların inkarı demək deyil; əksinə, dövlət təhsilinin hər hansı dini baxışı məcburi norma kimi təqdim etməməsini, şagirdlərə elmi biliklər və müstəqil düşünmə bacarıqları qazandırmasını nəzərdə tutur. Belə məktəb mühiti fərqli dünyagörüşlərinə malik uşaqların qarşılıqlı hörmət şəraitində təhsil almasına imkan yaradır.
Uşaqların dünyagörüşü ailə, məktəb, sosial mühit və rəqəmsal informasiya məkanının təsiri altında formalaşır. Buna görə də təhsil müəssisələrinin vəzifəsi yalnız məlumat ötürmək deyil, həm də şagirdlərə faktları yoxlamaq, arqumentləri təhlil etmək və müxtəlif fikirləri müqayisə etmək bacarığı aşılamaqdır. Elmi yanaşma, hüquqi savadlılıq və tənqidi düşüncə uşaqların manipulyativ təsirlərdən qorunmasında mühüm rol oynayır.
Dünyəvi təhsil prinsipi tətbiq edilərkən dini etiqad azadlığına və şəxsi ləyaqətə hörmət qorunmalıdır. Şagirdlər dini mənsubiyyətlərinə, inanclarına və ya inanclarının olmamasına görə təhqirə və ayrı-seçkiliyə məruz qalmamalıdırlar. Eyni zamanda, məktəbin tədris prosesi qüvvədə olan təhsil standartları və qanuni daxili qaydalar əsasında təşkil edilməlidir. Bu prinsiplərin uzlaşdırılması həm hüquqların qorunmasına, həm də vahid təhsil mühitinin möhkəmlənməsinə xidmət edir.
Dünyəvi təhsilin gücü qadağaların sayında deyil, uşaqlara qazandırdığı bilik və düşünmə qabiliyyətindədir. Elmi savadlı, tarixini tanıyan, hüquqlarını bilən və fərqli fikirlərə hörmətlə yanaşan gənclər cəmiyyətin dayanıqlı inkişafına daha böyük töhfə verə bilərlər. Buna görə də məktəb mühitində dünyəvilik, milli-mənəvi dəyərlər və insan hüquqları bir-birinə qarşı qoyulmamalı, qarşılıqlı tamamlanan prinsiplər kimi izah edilməlidir.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



