AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü

4 Oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə xalqımızın yaddaşına Zəfər günü kimi həkk olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri 4 oktyabr 2020-ci ildə işğaldan azad edildi. Cəbrayıl İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunan ilk şəhər oldu və onun azad edilməsi sonrakı qələbələr üçün mühüm mənəvi və strateji əhəmiyyət daşıdı.

Cəbrayılın azad edilməsi uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdış ümidlərini gerçəyə çevirdi. Azadlıqdan sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər və digər infrastruktur layihələri həyata keçirilməyə başladı.

2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində yeni yaşayış kompleksinin açılışının keçirilməsi şəhərin dirçəlişinin mühüm göstəricilərindən biri oldu. Kompleksdə 712 mənzil, sosial-məişət obyektləri, uşaq və idman meydançaları, istirahət guşələri yaradılıb və sakinlərin doğma şəhərlərinə qayıdışı təmin olunub.

Bu gün Cəbrayıl yalnız azad edilmiş şəhər kimi deyil, həm də yenidən qurulan və gələcəyə doğru inkişaf edən şəhər kimi tariximizin yeni səhifəsini yazır. Burada aparılan quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir.

4 Oktyabr Cəbrayıllılar üçün doğma torpağa qovuşma, bütün Azərbaycan xalqı üçün isə Zəfər və qürur günüdür. Bu əlamətdar tarix şəhidlərimizin əziz xatirəsinə ehtiramı, qazilərimizin qəhrəmanlığını və Vətən uğrunda göstərilən fədakarlığı bir daha xatırladır.

Cəbrayılın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisədir. Bu gün Cəbrayılın küçələrində həyat yenidən canlanır, yeni binalar ucalır, sakinlər doğma yurda qayıdır. Cəbrayılın dirçəlişi Azərbaycanın Zəfərdən quruculuğa gedən yolunun parlaq nümunələrindən biridir.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü mübarək!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button