
Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi qayıdış prosesinin mühüm mərhələsi olsa da, şəhərin bərpası bununla yekunlaşmır. 2025-ci il oktyabrın 28-də ikinci və üçüncü yaşayış komplekslərinin təməlqoyma mərasimlərinin keçirilməsi şəhərin yaşayış fondunun daha da genişləndirilməsi istiqamətində yeni mərhələ yaratdı.
İkinci yaşayış kompleksinin 5,28 hektar ərazidə salınması və burada 23 binada 615 mənzilin inşası planlaşdırılır. Üçüncü kompleksdə isə 5 hektardan artıq ərazidə 25 binanın və 746 mənzilin tikintisi nəzərdə tutulub.
Bu göstəricilər Cəbrayılın şəhərsalma prosesinin mərhələli xarakter daşıdığını göstərir. Birinci yaşayış kompleksi qayıdışın başlanğıc məkanlarından biri idisə, sonrakı komplekslər şəhərin daha geniş demoqrafik yükü qəbul etməsi üçün yaşayış fondunun artırılmasına xidmət edir.
Yeni komplekslərin müasir standartlara və sosial infrastrukturla təmin olunması şəhərsalma siyasətinin mühüm tərəfidir. Müasir şəhər yalnız yaşayış binalarından ibarət olmadığından nəqliyyat, ictimai məkanlar, təhsil və xidmət obyektlərinin də paralel şəkildə formalaşdırılması tələb olunur.
Beləliklə, Cəbrayıl şəhərində yeni yaşayış komplekslərinin yaradılması qayıdışın miqyasının genişləndirilməsi ilə yanaşı, şəhərin gələcək demoqrafik və sosial strukturunun formalaşdırılması prosesidir. Bu mərhələ Cəbrayılın tədricən tamfunksional şəhər həyatına qayıtmasının mühüm göstəricilərindən biridir.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



