
Müasir iqtisadiyyatın ən qiymətli resurslarından biri yalnız təbii sərvətlər deyil, bilik və insan kapitalıdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışında texnologiya və təcrübənin ölkənin gələcək inkişafında əhəmiyyəti xüsusi vurğulandı. Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq şirkətlərlə əməkdaşlığı nəticəsində yerli mütəxəssislərin təcrübə toplaması və peşəkar potensialın formalaşması bu prosesin mühüm nəticələrindən biri kimi təqdim edildi.
Enerji sektorunun inkişafı bu baxımdan nümunə kimi göstərildi. Prezidentin çıxışında 1994-cü ildən sonra beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq çərçivəsində xarici mütəxəssislərin üstünlük təşkil etdiyi bir mühitdən zamanla Azərbaycan vətəndaşlarının daha böyük rol oynadığı peşəkar sistemə keçid qeyd edildi. Bu təcrübə texnologiyanın yalnız alınmasının deyil, onun mənimsənilməsinin və milli insan resurslarının inkişaf etdirilməsinin də vacib olduğunu göstərir.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafında süni intellekt, rəqəmsallaşma və yüksək texnologiyaların da xüsusi yer tutacağı çıxışın ümumi məzmunundan aydın görünür. Ölkənin investisiya mühitinə maraq göstərən beynəlxalq şirkətlərdən maliyyə ilə yanaşı, texnologiya, təcrübə və ekspertiza gətirmələri gözlənilir. Bu əməkdaşlıq modeli yerli iqtisadiyyatın beynəlxalq təcrübə ilə daha sıx əlaqələnməsinə və yeni biliklərin ölkə daxilində yayılmasına şərait yarada bilər.
Bu prosesin əsas hədəflərindən biri iqtisadiyyatın daha çox sahəsində rəqabətqabiliyyətli milli kadrların formalaşdırılmasıdır. Rəsmi çıxışda qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olduğu, lakin ixrac strukturunda neft və qazın hələ də böyük üstünlüyə malik olduğu bildirildi. Bu göstəricilər iqtisadi şaxələndirmənin davam etdirilməsi üçün qarşıda duran istiqamətlərdən birini göstərir. İnsan kapitalına, təhsilə, texnologiyaya və yeni biznes sahələrinə investisiya isə bu şaxələndirmənin mühüm dayaqlarından biri kimi çıxış edir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



