Əbədi ehtiram və solmaz yaddaş

27 Sentyabrdan başlayan tarixi yol Azərbaycan xalqının mübarizə əzmini, dövlətçilik iradəsini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı salnamənin hər bir səhifəsi misilsiz qəhrəmanlıq nümunələri, böyük fədakarlıqlar və unudulmaz insan taleləri ilə zəngindir. Qazanılan böyük Zəfər xalqımızın çoxəsrlik tarixində yeni bir erasının başlanğıcı oldu.
Şəhidlərimizin xatirəsinə ehtiram göstərmək və onların adlarını əbədiləşdirmək yalnız dövlətin deyil, hər bir vətəndaşın vicdan və mənəviyyat borcudur. Onların azad etdiyi torpaqlarda qurulan dinc və işıqlı həyat, bərpa olunan şəhərlər və yüksələn bayraqlar həmin qəhrəmanların bizə qoyub getdiyi müqəddəs əmanətdir. Şəhidlərin qanı ilə suvarılmış bu torpaqlar hər zaman müqəddəs yaddaş məkanı kimi qorunacaqdır.
27 Sentyabr Anım Günü bizə hər il həm dərin hüznü, həm də böyük milli qüruru yaşadır. Bu tarix Azərbaycan xalqının azadlıq, adət-ənənə və torpaq uğrunda göstərdiyi birliyin rəmzidir. Şəhidlərimizin müqəddəs xatirəsi qəlblərimizdə əbədi yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillərə hər zaman yol göstərəcəkdir.
Azərbaycan Respublikası öz suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bundan sonra da qətiyyətlə qoruyacaq. Şəhidlərimizin ruhu şad, Zəfərimiz əbədi, dövlətimiz qüdrətli olsun!
Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri



