
Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və əhalinin layiqli həyat şəraitinin təmin olunmasıdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində müxtəlif sosial qrupların, o cümlədən hərbi qulluqçuların və pensiyaçıların sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu siyasət dövlətin vətəndaşına diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında misilsiz xidmətləri olan hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi dövlətin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdəndir. Qalib Azərbaycan Ordusunun şəxsi heyətinin maddi təminatının yaxşılaşdırılması, hərbi xidmətin nüfuzunun artırılması və peşəkar hərbi kadrların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.
Hərbi qulluqçuların əməkhaqlarının artırılmasını nəzərdə tutan yeni sosial islahat paketi bu sahədə mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması və bunun üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması hərbi xidmətin sosial təminatının gücləndirilməsinə yönəlmiş addımdır. Əməkhaqqı sisteminin təkmilləşdirilməsi, vəzifə və rütbə maaşlarının yeni prinsiplər əsasında müəyyənləşdirilməsi hərbi qulluqçuların xidmətinə verilən yüksək dəyərin göstəricisidir.
İslahatların mühüm istiqamətlərindən biri də hərbi qulluqçuların pensiya təminatı mexanizminin yenilənməsidir. Pensiyaların fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı və sabit aylıq əlavə əsasında hesablanması nəzərdə tutulan dəyişikliklər sosial təminat sisteminin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Pensiya təyinatı prosesinin elektronlaşdırılması və bürokratik maneələrin azaldılması vətəndaşların dövlət xidmətlərindən daha rahat yararlanmasına imkan yaradan mühüm yeniliklər sırasındadır.
Sosial islahatların əhatə etdiyi digər mühüm istiqamət pensiyaların indeksasiyası mexanizminin təkmilləşdirilməsidir. Yeni yanaşmada pensiyaçıların böyük əksəriyyətinin sosial müdafiəsinin qorunması və pensiya artımlarının daha ədalətli prinsiplərlə həyata keçirilməsi əsas məqsədlərdəndir. Bu tədbirlər dövlətin sosial siyasətində əhalinin müxtəlif təbəqələrinin maraqlarının nəzərə alındığını göstərir. Xüsusilə həssas qrupların sosial təminatının gücləndirilməsi davamlı dövlət dəstəyinin mühüm istiqamətini təşkil edir.
Minimum pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər sırasındadır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik, uşağın anadan olması və dəfnlə bağlı müavinətlərin davamlı inkişaf etdirilməsi sosial müdafiə sisteminin əhatəliliyinin artırılması baxımından əhəmiyyətlidir.
Ümumilikdə, Azərbaycanda həyata keçirilən sosial islahatlar dövlətin insan amilinə verdiyi yüksək önəmin göstəricisidir. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının təkmilləşdirilməsi və sosial ödənişlərin artırılması istiqamətində atılan addımlar cəmiyyətin rifahına xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sosial ədalət, vətəndaş məmnunluğu və davamlı inkişaf prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Bu istiqamətdə görülən işlər Azərbaycanın güclü dövlət və sosial rifah ölkəsi kimi inkişafına mühüm töhfə verir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



