
Azərbaycan Respublikası təkcə siyasi və iqtisadi layihələrin deyil, həm də Türk və İslam dünyasının intellektual mənəvi inteqrasiyasının əsas mərkəzinə çevrilmişdir. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət mötəbər nümayəndə heyətini qəbul etməsi bu inteqrasiyanın ən ali zirvəsidir. TDT Baş katibinin, Türkiyə, Mərkəzi Asiya və Şimali Qafqazın tanınmış din xadimlərinin qatıldığı bu görüşdə dövlət başçısı vurğuladı ki, qədim dövrlərdən bəri Türk və Qafqaz coğrafiyaları arasında mövcud olan mənəvi tellər bu gün məhz Bakıda keçirilən belə birgə tədbirlərlə daha da möhkəmlənir və dünyaya sülh, qardaşlıq mesajı verir.
Dövlət başçısı çıxışında xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi tarixi şəxsiyyətlərin yaradıcılığına xüsusi diqqət çəkərək, XV əsrdə yaşayıb-yaratmış böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin irsinə geniş yer verdi. O qeyd etdi ki, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin yaratdığı misilsiz mədəni irs təkcə Azərbaycan xalqının deyil, bütün İslam aləminin ortaq sərvətidir. Prezident İlham Əliyev Qəbələ və Naxçıvan şəhərlərinin tarixi keçmişini xatırladaraq, TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycanın bu qədim sivilizasiya ocaqlarını özündə birləşdirdiyini və xalqlarımız arasındakı qardaşlıq bağlarını əbədiləşdirdiyini diqqətə çatdırdı.
Qlobal miqyasda və xüsusilə müsəlman aləmində baş verən prosesləri dəyərləndirən Prezident İlham Əliyev İslam həmrəyliyinin praktik müstəvidə gücləndirilməsinin vacibliyini bəyan etdi. O, Azərbaycanın hər zaman barışdırıcı və birləşdirici missiya yerinə yetirdiyini xatırladaraq, IV İslam Həmrəylik Oyunlarının və ölkəmizdə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu siyasətin mühüm tərkib hissəsi olduğunu bildirdi. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, müsəlman dünyasını parçalamaq istəyən qüvvələrin qarşısını almaq üçün ümmət vahid ailə kimi birləşməli, zəruri olmayan qarşıdurmalara son qoyulmalıdır və Azərbaycan bu müqəddəs yolda öz səylərini əsirgəməyəcəkdir.
Prezident İlham Əliyev nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlara – Ağdam, Xankəndi, Xocalı və Şuşaya planlaşdırılan səfərinin böyük əhəmiyyət daşıdığını bildirdi. Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi dağıtdığını, hətta inanc yerlərimizdə heyvan saxlayaraq İslam dünyasını qəsdən təhqir etdiyini xatırladan dövlət başçısı, xalqımızın öz gücü ilə bu vandalizmə son qoyduğunu qürurla qeyd etdi. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox sakinin geri döndüyü dirçələn Qarabağ və Şərqi Zəngəzur, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqının əldə etdiyi tarixi və mənəvi qələbənin əbədi təntənəsidir.
Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri



