
18 sentyabr 2026-cı il tarixində Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilməyə başladı. Təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatın çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə, humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Üzv ölkələrin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. TDT dövlətləri çox geniş coğrafi məkanda yerləşir. Bu ərazidən bu gün təkcə həmin dövlətlər üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə, təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izlənilir. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə, təhlükəsizlikdən danışmaq mümkün deyil.Ona görədə TDT beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. TDT dövlətləri böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar həmin dövlətlərin möhkəmlənməsinə, xalqlarının rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə, TDT-yə üzv olaraqsərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası olaraq biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, TDT dövlətləri üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.
Azərbaycan TDT-yə üzv dövlətlərlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşkilata üzv dövlətlərə çoxsaylı səfərləri və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni dövlətimizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, İlham Əliyevin açıq çıxışlarında da dəfələrlə ifadə etdiyi kimi, dövlətimizin əsas xarici siyasət prioritetidir. İlham Əliyev dediyi kimi: “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.” TDT-nin daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, üzv dövlətlərin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bugünki xaotik dünyada üzv dövlətlərin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünki siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün üzv dövlətlərin yerləşdiyi regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.
Həmçinin üzv dövlətlər inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə, müasir dünyanın reallıqlarıdır, xüsusilə də, planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı – həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar üzv dövlətlərin dövlət səviyyəsində həyata keçirilən siyasətinin böyük nailiyyətidir.
Təbii ki, tədbir çərçivəsində müzakirə ediləcək əsas mövzu daim diqqət tələb edən təhlükəsizlik sistemi ilə bağlı məsələlər olacaq. Yenə də üzv dövlətlərin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Ətrafda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar üzv dövlətlərin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə dəAzərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır. Lakin bunlar həm də daim üzv dövlətlərin rəhbərliyinin nəzarətindədir.
Bilindiyi kimi TDT-nin Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlanılıb. Çünki dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Ona görə ki üzv dövlətlərin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Buna görə də rəsmi görüşlərin davamı olaraq qeyri-rəsmi toplantılar da təşkil olunmağa başlanıldı. İlk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər dövlətlərdə də keçirildi. Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq. Ona görə də bu məsələlər daha qlobal xarakter daşıyır. TDT-yə üzv dövlətlərin birgə səyləri ilə təşkilatın potensialını o dərəcədə gücləndirmək lazımdır ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar üzv dövlətlərin öz əlindədir. Əminəm ki, əl-ələ verərək, səylərimizi birləşdirərək buna nail olacağıq.
Həsənova Qönçə,
Xəzər rayonu Zirə qəsəbəsi, 241 nomreli tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi



