AnalitikaGündəmSiyasət

Ağdərə – yeni inzibati və sosial inkişaf mərhələsi

Ağdərə Azərbaycanın Qarabağ bölgəsinin mühüm yaşayış məntəqələrindən biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun keçirdiyi tədbirlər nəticəsində Ağdərə şəhəri üzərində Azərbaycanın dövlət nəzarəti bərpa edildi. Prezident İlham Əliyev həmin il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə şəhərin müasir tarixində mühüm mərhələlərdən birini təşkil edir. 20 Sentyabrın Ağdərə şəhəri günü kimi müəyyən olunması da bu tarixi mərhələnin yaddaşda yaşadılmasına xidmət edir.

Ağdərənin gələcək inkişafı Qarabağda həyata keçirilən ümumi quruculuq siyasətinin tərkib hissəsidir. Burada əsas məqsəd ərazinin yalnız fiziki baxımdan bərpası deyil, həm də sosial və iqtisadi həyat üçün zəruri şəraitin yaradılmasıdır. Yaşayış məntəqələrinin yenidən qurulması, yol və kommunikasiya infrastrukturunun yaradılması, sosial obyektlərin formalaşdırılması uzunmüddətli inkişaf üçün əsas şərtlərdir. Qarabağın müxtəlif ərazilərində tətbiq edilən yeni şəhərsalma yanaşmaları Ağdərənin də gələcək simasının formalaşmasına imkan yaradır.

Ağdərənin inzibati statusunda da yeni mərhələ formalaşıb. Rəsmi məlumatlara görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunla Ağdərə rayonunun əvvəlki qaydada təşkili nəzərdə tutulub və rayonun mərkəzi Ağdərə şəhəri müəyyən edilib. Bu, ərazinin idarə olunması və gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm hüquqi çərçivə yaradır. Dövlət idarəçiliyinin formalaşması ilə yanaşı, qarşıda sosial və iqtisadi infrastrukturun inkişaf etdirilməsi və əhalinin qayıdışı üçün şəraitin yaradılması vəzifələri dayanır.

Ağdərə gələcəkdə Qarabağın inkişaf xəritəsində mühüm yerlərdən birini tuta bilər. Bunun əsasında onun coğrafi mövqeyi, təbii resursları, tarixi və sosial potensialı dayanır. Qarşıdakı illərdə quruculuq işlərinin genişlənməsi şəhərin və rayonun yeni həyat ritmini formalaşdıracaq. Ağdərə üçün yeni tarix yalnız keçmişin bərpası deyil, gələcək inkişafın planlaşdırılması ilə yazılır; burada Zəfərin nəticələri yeni həyatın əsasına çevrilir.

Ceyhun Qafarov,

YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button