AnalitikaGündəmSiyasət

Böyük Qayıdış – Zəfərin insan taleyində davamı

Böyük Qayıdış anlayışının arxasında yalnız böyük tikinti layihələri deyil, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların arzuları dayanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin ən mühüm məqsədlərindən biri keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu baxımdan Böyük Qayıdış Azərbaycan tarixində Zəfərdən sonrakı ən mühüm sosial proseslərdən biri kimi formalaşır. İnsanların öz evlərinə dönməsi, yenidən doğma küçələrdə yaşaması və gələcəyini həmin torpaqlarda qurması qazanılmış tarixi nəticənin insan həyatında ifadəsidir.

Xocalı bu prosesin xüsusi mənəvi əhəmiyyət daşıyan ünvanlarından biridir. Rəsmi məlumatlara görə, Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışı 2024-cü il mayın 28-dən başlayıb və proses davam edir. Bu qayıdışın arxasında genişmiqyaslı hazırlıq və quruculuq işləri dayanır. İnsanların yaşayacağı evlər tikilir, yollar və kommunal sistemlər qurulur, sosial infrastruktur yaradılır. Xocalının Təzəbinə kəndində də bu prosesin konkret nümunələri görünür: 2025-ci ilin iyulunda kəndə 28 ailənin, 125 nəfərin qayıtdığı, yeni fərdi evlərin və sosial infrastrukturun yaradılması istiqamətində işlərin davam etdiyi bildirilib.

Böyük Qayıdışın mahiyyəti bundan ibarətdir ki, insan doğma torpağına yalnız ev sahibi olmaq üçün deyil, tam hüquqlu həyat qurmaq üçün qayıdır. Buna görə də yeni yaşayış məntəqələrində məktəb, tibb müəssisəsi, xidmət obyektləri, yollar, rabitə və digər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Dövlətin qarşısında duran məqsəd insanların Qarabağda məskunlaşması ilə yanaşı, burada uzunmüddətli və dayanıqlı sosial həyatın formalaşmasını təmin etməkdir. Bu baxımdan Böyük Qayıdış həm demoqrafik, həm sosial, həm də iqtisadi məzmun daşıyan genişmiqyaslı prosesdir.

Bu gün Qarabağda qayıdan hər bir ailənin hekayəsi əslində böyük tarixin bir hissəsinə çevrilir. Bir vaxtlar yalnız xatirələrdə yaşadılan küçələrdə indi uşaqların səsi eşidilir, evlərdə yeni həyat başlayır, kəndlər və şəhərlər yenidən canlanır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi şəhərlər bu prosesin gələcək ünvanlarıdır. Böyük Qayıdış Zəfərin insan taleyində davamıdır; çünki əsl qələbənin ən böyük nəticəsi insanın öz doğma torpağında azad və təhlükəsiz yaşamasıdır.

Tofiq Rüstəmli,

YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button