Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

Qərbi Azərbaycanda yaradılmış mədəni irs yalnız bir xalqın keçmişinin izi deyil, həm də onun maddi və mənəvi varlığının ayrılmaz tərkib hissəsidir. Qəbiristanlıqlar, qədim yaşayış məskənləri, abidələr, məscidlər, türbələr, pirlər, ziyarətgahlar, daş kitabələr Azərbaycan xalqının tarixi yaddaşının daşıyıcısı, milli kimliyinin canlı şahidləridir. Onlar əsrlər boyu bu torpaqlarda yaşamış bir millətin mədəni-mənəvi varlığını, dünyagörüşünü və bəşəriyyətə verdiyi töhfələri özündə əks etdirir. Buna misal olaraq, İrəvan qalasının içərisində yerləşən möhtəşəm Xan Sarayı (Sərdar Sarayı) Şərq memarlığının ən nadir incilərindən biri hesab olunurdu. Qaraqoyunlu əmirlərinin xatirəsinə ucaldılmış Cəfərabad (Zəngibasar) kəndində yerləşən Əmir Səad məqbərəsi və çoxsaylı qədim ziyarətgahlar bu torpaqların tarixi mənsubiyyətini sübut edir. Ermənistan uzun illər ərzində öz ərazisində yaşamış azərbaycanlıların tarixi-mədəni izlərinin aradan qaldırılmasına yönəlmiş siyasət həyata keçirib. Xüsusilə, İrəvan şəhərində vaxtilə mövcud olmuş bir sıra Azərbaycan memarlıq abidələri tamamilə məhv edilib. Dağıdıldığı bildirilən abidələr sırasında Şah Abbas məscidi, Sərdar məscidi, Hacı Novruzəli məscidi, İrəvan qalası, qaladakı Xan sarayı və digər çoxsaylı tarixi tikililər yer alır. Məlumata görə, həmin abidələrin sökülməsindən sonra onların yerləşdiyi ərazilərdə yaşayış binaları və digər tikililər inşa olunub. Bundan başqa, memarlıq xüsusiyyətlərinə görə Azərbaycan xanlıqları dövrünə aid edilən bəzi abidələr beynəlxalq ictimaiyyətə fərqli mənşə ilə təqdim olunub. Xalqımızın tarixində xüsusi yer tutan nümunələrdən biri də İrəvandakı Göy məsciddir. Bu abidə hazırda şəhərdə dövrümüzə qədər gəlib çatmış yeganə müsəlman memarlıq nümunəsi hesab edilir. Lakin məscidin orijinal Azərbaycan-türk memarlıq elementlərinin və daxili kitabələrinin dəyişdirildiyi, abidənin beynəlxalq ictimaiyyətə “İran məscidi” kimi təqdim olunduğu iddia edilir. Bu yanaşma abidənin tarixi mənşəyinin təhrif edilməsinə səbəb olmuşdur.
Dövrümüzdə Qərbi Azərbaycanın mədəni irsinin qorunması və təbliği məsələsi həm dövlət səviyyəsində, həm də elmi-ictimai müstəvidə tamamilə yeni və sistemli bir mərhələyə qədəm qoymuşdur. Bir neçə gün öncə ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib. Diplomatik nümayəndələrin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır. Dövrümüzdə bu fəaliyyətlərin əsas məqsədi tarixi həqiqətləri gələcək nəsillərə ötürmək və Azərbaycan xalqının bu torpaqlardakı çoxəsrlik mədəni izlərinin tamamilə silinməsinin qarşısını almaqdır. Qərbi Azərbaycanın mədəni irsi sadəcə keçmişin izi deyil, Azərbaycan xalqının tarixi kimliyinin, dövlətçilik ənənələrinin və milli mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Tarixi Həqiqətin Bərpası əsrlər boyu burada yaradılmış maddi və mənəvi sərvətlər, azərbaycanlıların bu torpaqların yerli əhalisi olduğunun ən güclü sübutudur.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

