Laçın: Mədəniyyət, Turizm və Yaradıcılıq Sənayesinin Paytaxtı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən mədəni intibahın mərkəzində dayanan Laçın rayonu qədim tarixi irsi ilə müasir turizm imkanlarını uğurla birləşdirir. İşğal illərində erməni vandalizminə məruz qalan 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin bərpası istiqamətində mühüm addımlar atılmışdır. 2020-ci il dekabrın 1-də rayonun, 2022-ci il avqustun 26-da isə Laçın şəhərinin azad edilməsi bu qədim diyarın mədəni həyatını yenidən canlandırmışdır.
Mədəni dirçəlişin əsas simvollarından biri Laçın şəhərində yaradılan “Hoçazfilm” yaradıcılıq studiyasıdır. Hoçaz qayalıqlarının adını daşıyan bu regional audiovizual mərkəz Qarabağın işğal və quruculuq dövrlərinin salnaməsini yaratmaqla yanaşı, yerli və xarici film istehsalçılarına xidmət göstərir. Eyni zamanda, Memorial Parkda İşğal və Zəfər muzeylərinin yaradılması tarixi yaddaşın qorunmasında müstəsna rol oynayır.
Turizm potensialının inkişafı məqsədilə Zerti kəndində açılan “Laçın” İstirahət Kompleksi müasir hotel binaları, kottecləri və konfrans zalları ilə qonaqları qəbul edir. Şəhərin giriş hissəsində Həkəri çayında yaradılan göl, asma körpü, çaykənarı bulvar və kanat yolu Laçını ölkənin əsas turizm məkanına çevirir. Bu layihələr sayəsində yüzlərlə yerli sakin daimi işlə təmin olunmuşdur.
Böyük Qayıdış çərçivəsində Zabux, Sus və Bəylik kəndlərində aparılan quruculuq işləri kənd mədəniyyətinin də yenidən canlanmasını təmin etmişdir. Bəylik kəndində inşa edilən klub-icma mərkəzi gənclərin toplantıları və dərnəklərin fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır. Laçın şəhərində və kəndlərdə tikilən müasir məktəblər təhsilin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmışdır.
Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması şəhərin qlobal miqyasda tanıdılmasına güclü təkan vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bu tərəqqi Laçının əsl mədəniyyət və sülh adasına çevrildiyini sübut edir.
Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı



