Strateji tərəfdaşlığın institusional dayağı: Ali Dövlətlərarası Şuranın yüksələn rolu

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə qazandığı yüksək dinamika yalnız siyasi liderlər arasında sıx təmaslarla deyil, həm də davamlı və sistemli əməkdaşlıq mexanizmlərinin yaradılması ilə müşayiət olunur. Bu baxımdan, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji tərəfdaşlığın daha möhkəm institusional əsaslara keçirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Şuranın yaradılması Bakı ilə Daşkənd arasında mövcud olan siyasi iradənin uzunmüddətli və ardıcıl əməkdaşlıq mexanizminə çevrilməsinə imkan verir. Bu format dövlət başçıları səviyyəsində müzakirə olunan məsələlərin sistemli şəkildə əlaqələndirilməsinə və əldə edilmiş razılaşmaların müxtəlif sahələr üzrə konkret nəticələrlə tamamlanmasına xidmət edən mühüm platformadır.
Ali Dövlətlərarası Şuranın əhəmiyyəti ilk növbədə onun iki ölkənin münasibətlərində strateji gündəliyin vahid çərçivədə nəzərdən keçirilməsinə imkan yaratması ilə bağlıdır. Azərbaycan və Özbəkistan arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi, ticarət, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır. Şura vasitəsilə müxtəlif sahələrdə mövcud imkanların qiymətləndirilməsi, yeni layihələrin müəyyənləşdirilməsi və dövlətlərarası razılaşmaların icrasının diqqətdə saxlanılması daha koordinasiyalı əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Belə bir mexanizmin mövcudluğu ikitərəfli münasibətlərin yalnız cari məsələlər əsasında deyil, uzunmüddətli strateji məqsədlər üzərindən inkişaf etdirilməsinə imkan verir.
Bu institusional mexanizmin digər mühüm xüsusiyyəti Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin daha geniş məzmun qazanmasına şərait yaratmasıdır. İki ölkənin regional və beynəlxalq məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparması, çoxtərəfli təşkilatlarda əməkdaşlığı genişləndirməsi və Türk dünyasının həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə təşəbbüsləri siyasi tərəfdaşlığın mühüm elementləridir. Eyni zamanda, xalqlar arasında humanitar əlaqələrin genişləndirilməsi, təhsil və mədəniyyət sahəsində birgə layihələrin təşviqi, şəhərlərarası əməkdaşlığın inkişaf etdirilməsi də strateji münasibətlərin cəmiyyətlərarası dayaqlarını möhkəmləndirir. Beləliklə, Ali Dövlətlərarası Şura yalnız siyasi dialoqun aparıldığı bir platforma deyil, iki ölkə arasında əməkdaşlığın çoxşaxəli xarakterinin daha da gücləndirilməsinə xidmət edən institusional vasitə kimi çıxış edir.
Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqların uzlaşdırılması prinsipləri əsasında qurduğu münasibətlər gələcək üçün geniş perspektivlər vəd edir. Ali Dövlətlərarası Şuranın fəaliyyəti bu münasibətlərin davamlılığını təmin edən əsas siyasi mexanizmlərdən biri kimi qarşıya çıxır. Qarşılıqlı səfərlərin intensivliyi, dövlətlərarası sənədlərin çoxalması, iqtisadi əlaqələrin genişlənməsi və regional layihələrdə əməkdaşlığın güclənməsi Şuranın fəaliyyət istiqamətlərinin praktik əhəmiyyətini daha da artırır. Bu baxımdan, 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin institusional simvollarından biri olmaqla yanaşı, strateji tərəfdaşlığın və müttəfiqliyin gələcəkdə daha da dərinləşdirilməsi üçün etibarlı siyasi platforma rolunu oynayır.
Sünbül Həsənquliyeva,
YAP Xəzər RT-ı gənc fəalı



