AnalitikaDünyaGündəmSiyasət

Qarşılıqlı sərmayədən ortaq iqtisadi perspektivlərə: Azərbaycan–Özbəkistan biznes əlaqələri genişlənir

Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişafı qarşılıqlı investisiyaların artması və sahibkarlıq əlaqələrinin genişlənməsi ilə müşayiət olunur. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının qeydiyyatdan keçməsi iki ölkə arasında biznes mühitinin getdikcə daha da fəallaşdığını göstərən mühüm göstəricilərdən biridir. Bu rəqəm Özbəkistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artdığını, eyni zamanda ölkələr arasında qarşılıqlı etimadın biznes müstəvisində də öz əksini tapdığını nümayiş etdirir. Siyasi münasibətlərin yüksək səviyyədə olması sahibkarların daha geniş əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə əlverişli şərait yaradır.

Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir sıra istiqamətlər üzrə bir-birini tamamlayan xüsusiyyətlərə malik olması qarşılıqlı əməkdaşlıq üçün əlavə üstünlüklər yaradır. Özbəkistan Mərkəzi Asiyanın mühüm sənaye və kənd təsərrüfatı potensialına malik ölkələrindən biri kimi geniş istehsal imkanları ilə seçilir. Azərbaycan isə enerji resursları ilə yanaşı, inkişaf etmiş nəqliyyat infrastrukturu, tranzit imkanları, logistika şəbəkəsi və Avropa bazarlarına çıxış baxımından mühüm mövqeyə sahibdir. Bu potensialların əlaqələndirilməsi hər iki ölkənin sahibkarları üçün yeni bazarlara çıxış, məhsulların daşınması və birgə istehsal layihələrinin həyata keçirilməsi baxımından əhəmiyyətli imkanlar yaradır.

İqtisadi imkanların qarşılıqlı şəkildə tamamlanması yeni əməkdaşlıq formatlarının yaradılması üçün də əlverişli zəmin formalaşdırır. Birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, kənd təsərrüfatı və emal sənayesində layihələrin həyata keçirilməsi, logistika imkanlarından birgə istifadə və qarşılıqlı investisiyaların təşviqi gələcək əməkdaşlığın əsas istiqamətləri sırasında yer ala bilər. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin gücləndirilməsi iqtisadi tərəfdaşlığın daha geniş biznes dairələrini əhatə etməsinə imkan verər. Bu proses dövlətlər arasında imzalanan sənədlərin real iqtisadi nəticələrlə tamamlanmasına və özəl sektorun ikitərəfli münasibətlərdə rolunun artmasına şərait yaradır.

Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin mövcud dinamikası göstərir ki, tərəfdaşlığın inkişafı üçün yalnız siyasi iradə deyil, həm də ciddi iqtisadi baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən Özbəkistan investisiyalı şirkətlərin sayı və müxtəlif sahələrdə formalaşan biznes əlaqələri bu potensialın artıq praktik müstəvidə reallaşdığını göstərir. Qarşılıqlı investisiyaların daha da artırılması, yeni layihələrin təşviqi və iqtisadi imkanların düzgün əlaqələndirilməsi iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha geniş coğrafiyaya və sahələrə yayılmasına imkan verə bilər. Azərbaycan və Özbəkistanın malik olduğu tamamlayıcı iqtisadi potensial yeni tərəfdaşlıq formatlarının yaradılması, regional ticarət əlaqələrinin gücləndirilməsi və uzunmüddətli qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Ləman Məmmədova,
YAP Xəzər RT-ı gənc fəalı

Oxşar Xəbərlər

Back to top button