GündəmSosial

YAP Qaradağ rayon təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olunub

2026-cı il iyulun 8-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatına yeni təyin olunmuş sədr İlqar İlyasov rayon ictimaiyyətinə təqdim edilib.

Aktualinfo Media Qrup xəbər verir ki, Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, ərazi partiya təşkilatlarının sədrləri, təşkilat aparatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O, YAP Qaradağ rayon təşkilatının yeni sədri İlqar İlyasovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən bəhs edən Faiq Qurbanov bildirib ki, partiya Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövründə, ölkənin ciddi siyasi sınaqlarla üz-üzə qaldığı bir zamanda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılıb.

Faiq Qurbanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olub. Bu il 34 illiyini qeyd edən partiya ötən dövr ərzində müstəqil Azərbaycan dövlətinin inkişafı naminə mühüm tarixi nailiyyətlərə imza atıb və ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi öz mövqeyini daha da möhkəmləndirib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov toplantı iştirakçılarına YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salamlarını çatdırıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci ilin mart ayında keçirilmiş VII Qurultayından sonra partiyanın fəaliyyətində mühüm yeniliklər həyata keçirilib, partiya quruculuğu, ərazi təşkilatlarının fəaliyyəti, yeni üzvlərin cəlbi və kadr siyasəti istiqamətində ciddi irəliləyişlər əldə olunub.

Rafael Gülməmmədov çıxışında İlqar İlyasovun tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, o, YAP Laçın rayon təşkilatına rəhbərlik etdiyi dövrdə məcburi köçkünlərlə sıx təmasda olub və Qaradağ rayonunda məskunlaşmış laçınlı ailələrin problemlərinin həllinə daim həssas yanaşıb. Bildirilib ki, YAP Qaradağ rayon təşkilatının üzvləri yeni sədrin ətrafında sıx birləşərək partiya rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasında bundan sonra da fəallıq nümayiş etdirəcəklər.

Sonra çıxış edənlər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və şəhid anası Leyla Musayeva Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışıblar. Natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına mühüm töhfələr verməkdə davam edir və əldə olunan uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır. Çıxış edənlər İlqar İlyasovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov tədbir iştirakçılarını salamlayaraq ona ünvanlanan xoş sözlərə və göstərilən etimada görə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və partiya rəhbərliyinə göstərilən yüksək etimada görə təşəkkürünü ifadə edib. İlqar İlyasov qeyd edib ki, ona həvalə olunan məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək, verilən bütün tapşırıqları yüksək məsuliyyət və əzmlə yerinə yetirmək üçün var qüvvəsi ilə çalışacaq, göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldacaq. O, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri kimi fəaliyyət göstərməyin onun üçün böyük şərəf olduğunu vurğulayaraq, ölkəmizin və Qaradağ rayonunun inkişafı naminə bundan sonra da əzmlə çalışacağını bildirib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button