
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana işgüzar səfəri ölkəmizlə qurum arasında əlaqələrin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün hədəflərin müəyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Keçilən yolun təhlili fonunda təsdiqləndi ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yaxın illərdə bir neçə sahədə inkişaf edəcək. Təbii ki, ilk olaraq energetika sahəsində əməkdaşlıq davam edəcək. Lakin bu, artıq yalnız təbii qaza deyil, həm də bərpaolunan mənbələr və elektrik enerjisinin nəqli layihələrinə əsaslanacaq. Nəqliyyat əlaqələrinin əhəmiyyəti getdikcə daha da yüksələcək. Orta Dəhliz tədricən Avropa ilə Asiya arasında ən vacib marşrutlardan birinə çevrilir və Azərbaycanın əsas tranzit ölkəsi kimi rolu durmadan artacaq. Həmçinin infrastruktur layihələrinə, logistikaya, rəqəmsal texnologiyalara və regional ticarətin inkişafına Avropa investisiyalarının daha da artacağını gözləyə bilərik. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında enerji sektorunda əməkdaşlıqdan geniş bəhs edərək bildirdi ki, enerji tərəfdaşlığımızın ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər: “Biz Sizin Ermənistana gedən elektrik enerjisi kabeli ilə bağlı təklifinizi çox alqışlayırıq. Bu, çox maraqlı məqamdır. Beləliklə mənim təsvir etdiklərim əsasən odur ki, bərpaolunan enerji mənbələri iqtisadiyyatlarımızın gələcəyini irəli aparır. Burada – Cənubi Qafqazda bu proseslər, həmçinin sülhün irəli aparılmasına kömək edə bilər”.
Avropa Komissiyasının Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır. Hazırda bu işi davam etdirmək istəyirik. Yeni hərtərəfli saziş üzərində müzakirələrin yenidən başlanması vacib bir addımdır. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında hətta daha çox ticarətin aparılması üçün imkanlara yol aça bilər və biz bu məsələdə tərəqqiyə nail olmaq üçün birlikdə çalışacağıq. Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır.
Göründüyü kimi, tərəflər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında istəklərini real addımları ilə təsdiqləyirlər. Azərbaycan artıq yalnız enerji təchizatçısı kimi qəbul edilmir. O, Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin yeni arxitekturasında mühüm elementə çevrilir.
Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir” söyləyərək bu reallığı da böyük əminliklə vurğuladı ki, əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur.
Hər bir səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarla əlaqələrinin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Azərbaycanın regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr, sülh təcrübəsi təqdir edilir. Bu gün sülh böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün ilkin şərtə çevrilib. Nəqliyyat marşrutları, enerji şəbəkələri, rəqəmsal rabitə və beynəlxalq ticarət sabit regional mühitin olmasını tələb edir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk: “Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək”.
Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri



