AnalitikaGündəmSiyasət

Azərbaycan–Türkmənistan münasibətləri: qardaşlıq və strateji tərəfdaşlığın yeni mərhələsi

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğulanan fikirlər Azərbaycan-Türkmənistan əlaqələrinin strateji xarakter daşıdığını və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan və Türkmənistan arasında münasibətlər əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi bağlara söykənir. Ortaq dil, din, adət-ənənələr və milli dəyərlər iki xalqı bir-birinə yaxınlaşdıraraq qardaşlıq münasibətlərinin möhkəm təməlini yaradıb. Bu münasibətlər bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə uğurla inkişaf edir.

Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə və xüsusilə Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü ifadə edib. Onun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılması Türkmənistanın Azərbaycana olan səmimi münasibətinin və qardaşlıq bağlarının bariz nümunəsidir. Bu layihə təkcə dini abidənin inşası deyil, həm də iki xalq arasında dostluğun və mənəvi birliyin rəmzidir.

Səfər zamanı aparılan danışıqlar çərçivəsində müxtəlif istiqamətlər üzrə konkret tapşırıqlar müəyyənləşdirilib və əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar nəzərdən keçirilib. Hökumətlərarası Komissiyanın növbəti iclasında bu tapşırıqların icrasına dair mexanizmlərin hazırlanması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mədəni-humanitar əlaqələr də Azərbaycan-Türkmənistan münasibətlərində xüsusi yer tutur. Hər iki ölkədə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin çıxışları, Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri arasında qardaş şəhər münasibətlərinin qurulması xalqlar arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasını daha da zənginləşdirərək siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və regional əməkdaşlığın genişlənməsinə yeni imkanlar açır. Azərbaycan və Türkmənistanın qarşılıqlı etimada, qardaşlığa və ortaq maraqlara əsaslanan münasibətləri gələcəkdə də regionda sabitliyin, rifahın və tərəqqinin mühüm amillərindən biri olacaqdır.

Bahar Nəsirova,
Neft kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button