AnalitikaGündəmSosial

15 İyun Milli Qurtuluş Günü Azərbaycanın xilasının başlanğıcı oldu

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Bu əlamətdar gün dövlət müstəqilliyimizin qorunması, ölkədə sabitliyin bərpası və gələcək inkişafın təməlinin qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu tarixdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı böyük təhlükələrdən xilas etdi.

Müstəqilliyin ilk illərində ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. İqtisadi tənəzzül, idarəetmədəki çatışmazlıqlar, hərbi uğursuzluqlar və daxili qarşıdurmalar Azərbaycanı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlətçiliyimizin taleyi təhlükə altında idi və ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı.

Belə bir şəraitdə xalq yeganə çıxış yolunu Heydər Əliyevin siyasi təcrübəsində və liderlik keyfiyyətlərində görürdü. Ulu Öndərin hakimiyyətə qayıdışı ölkədə ümidsizliyi aradan qaldırdı, insanlarda sabaha inam yaratdı və dövlətin xilası üçün mühüm addımların atılmasına şərait yaratdı.

1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə yeni mərhələnin başlanğıcı oldu. Qısa müddət ərzində sabitliyin təmin olunması, qanunçuluğun bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Milli Qurtuluş Günü yalnız siyasi böhrandan çıxış yolu deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının başlanğıcı idi. Sonrakı illərdə həyata keçirilən islahatlar, iqtisadi inkişaf proqramları və beynəlxalq əməkdaşlıq siyasəti ölkəmizin sürətli tərəqqisinə zəmin yaratdı.

Bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri kimi tanınırsa, bunun əsas səbəblərindən biri 15 İyun tarixində qoyulan möhkəm təməldir. Ulu Öndərin müəyyən etdiyi inkişaf kursu ölkəmizin hərtərəfli yüksəlişini təmin etmişdir.

Milli Qurtuluş Günü xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd olunur. Bu tarix Azərbaycanın xilasının, dövlətçiliyimizin qorunmasının və müasir inkişaf yolunun başlanğıcı kimi hər zaman yaddaşlarda yaşayacaqdır.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button