
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın aqrar siyasətində yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Son iyirmi ildə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin kənd təsərrüfatı infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilmiş, qazlaşdırma, su təchizatı, yol və enerji layihələri kəndlərin sosial-iqtisadi simasını dəyişdirmişdir.
Bununla yanaşı, dövlət başçısı kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluğun aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Yeni Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi və özəl investisiyaların təşviqi kimi prioritetləri əhatə edir.
Müşavirədə xüsusi diqqət idxaldan asılılığın azaldılmasına yönəldilmişdir. Buğda, bitki yağları, ət və digər məhsullar üzrə daxili istehsalın artırılması həm iqtisadi dayanıqlıq, həm də milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, aqroparkların, intensiv bağçılığın və istixana təsərrüfatlarının genişləndirilməsi ixrac potensialını daha da artırmalıdır.
Qlobal iqlim dəyişiklikləri, münaqişələr və beynəlxalq tədarük zəncirlərində yaranan problemlər fonunda Azərbaycan kənd təsərrüfatının inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Qarşıdakı illərdə həyata keçiriləcək islahatlar ölkənin ərzaq təminatını gücləndirməklə yanaşı, regionların inkişafına və kənd yerlərində məşğulluğun artmasına da mühüm töhfə verəcəkdir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



