
2026-cı il mayın 18-də Bakı şəhəri dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi forum şəhərsalma, dayanıqlı inkişaf və müasir infrastruktur sahəsində fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək ölkəmizin inkişaf strategiyası və şəhərsalma siyasəti haqqında ətraflı məlumat verdi.
Azərbaycanın gələcək inkişaf strategiyasını, urbanizasiya sahəsində həyata keçirilən islahatları və ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi. Müasir dövrdə şəhərsalma yalnız binaların və yolların tikilməsi ilə məhdudlaşmır. Şəhərsalma insanların rahat yaşayışını təmin edən, ekoloji tarazlığı qoruyan, sosial rifahı yüksəldən və iqtisadiinkişafı stimullaşdıran kompleks bir yanaşmadır.
Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz – vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür.
Şəhərsalma zamanı milli memarlıq ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir. Müasir memarlıq üslubu ilə milli dəyərlərin vəhdəti Azərbaycanın şəhərsalma modelinin əsas xüsusiyyətlərindən biridir. Forum iştirakçıları Bakının son illərdə qazandığı inkişafı yüksək qiymətləndirdilər.Azad edilmiş torpaqlarda aparılan yenidənqurma işləri, həmin ərazilərdə tamamilə yeni yaşayış məntəqələri salınır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir texnologiyaların tətbiqinə əsaslanır. Prezident vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək. Burada yaşıl enerji layihələrinin həyata keçirilməsinə böyük önəm verilir. Günəş və külək enerjisindən istifadə regionun davamlı inkişafına mühüm töhfə verəcək.
Şəhərsalma siyasəti insanların rahat və təhlükəsiz yaşayışını təmin etməlidir. Bu məqsədlə ölkədə yeni sosial layihələr həyata keçirilir. Müasir məktəblərin, xəstəxanaların və idman komplekslərinin tikilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan dayanıqlı inkişaf prinsiplərinə sadiqdir.Ölkəmizdə həyata keçirilən layihələr həm iqtisadi inkişafı təmin edir, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Son illərdə yeni avtomobil yolları və dəmir yolu xətləri istifadəyə verilib. Bakı şəhərində ictimai nəqliyyat sistemi müasirləşdirilib. Bu layihələr insanların rahatlığını təmin etməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə də mühüm təsir göstərir.
Azərbaycanın uğurlu inkişaf siyasəti forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bakı bir daha beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəz olduğunu sübut etdi. Forumun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi. Dövlətimizin inkişaf modelini və gələcək hədəflərini aydın şəkildə nümayiş etdirdi.
Nazilə Məmmədova ,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru



