AnalitikaGündəmSiyasət

28 May – Müstəqillik Günü: Azərbaycan Xalq Cümhuriyyətindən Güclü Müasir Dövlətə Gedən Yol

28 May Azərbaycan xalqının taleyində yalnız tarixi bir gün deyil, həm də milli iradənin, azadlıq düşüncəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşərək xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Şərqin ilk demokratik respublikası

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi hadisə deyildi. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli oyanışın güclənməsi, ziyalıların azadlıq ideyalarını yayması və xalqın milli kimlik şüurunun formalaşması istiqlalın əsasını yaratdı. Məhz bu ideoloji zəmin üzərində 1918-ci ildə Azərbaycan xalqı öz dövlətini qurmağa nail oldu.

İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycan müstəqil dövlət olduğunu bəyan etdi və xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, həmin qısa müddətdə dövlətçilik tariximiz üçün misilsiz irs formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrü ərzində mühüm siyasi, hüquqi və sosial islahatlar həyata keçirdi. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis olundu, milli ordu quruldu və Azərbaycan bayrağı qəbul edildi. Dövlətin bütün vətəndaşlarına milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verilməsi dövrün ən qabaqcıl demokratik addımlarından biri idi. Cümhuriyyət dövründə təhsil və maarifçilik sahəsində də mühüm qərarlar qəbul edildi. Təhsilin ana dilində aparılması ilə bağlı qərar milli kimliyin qorunmasına xidmət edirdi. Bakı Dövlət Universitetinin yaradılması isə milli kadr potensialının formalaşdırılması baxımından tarixi hadisə oldu.

Eyni zamanda, ədliyyə sisteminin qurulması, məhkəmə institutlarının yaradılması və hüquqi əsasların formalaşdırılması Azərbaycanın hüquqi dövlət modelinə sadiqliyini göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin əsas məqsədlərindən biri yeni dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak, xarici dövlətlərlə diplomatik əlaqələrin qurulması və beynəlxalq hüququn subyekti kimi tanınması Azərbaycanın gələcək dövlətçilik tarixində mühüm rol oynadı.

Məhz həmin diplomatik fəaliyyət nəticəsində Azərbaycan 1920-ci ildə bolşevik işğalına məruz qalsa belə, dövlətçilik ideyası məhv olmadı və xalqın yaddaşında yaşamağa davam etdi.

Müstəqilliyin bərpası və Heydər Əliyevin tarixi missiyası

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkə mürəkkəb siyasi və iqtisadi böhranlarla üz-üzə qalmışdı. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında həlledici rol oynadı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Heydər Əliyevin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən birinə çevrildi.

Tarixi faktlardan biri də budur ki, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında rəsmi dövlət bayrağı kimi qəbul edilmişdi. Bu addım gələcək müstəqilliyin siyasi və mənəvi təməllərini gücləndirdi.

Prezident İlham Əliyev dövründə müstəqilliyin yeni zirvəsi

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, müstəqil və nüfuzlu dövlət kimi inkişaf edir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə mühüm mövqe qazanıb.

Ən böyük tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu gün Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və müstəqillik ruhunun qalib gəldiyini göstərir.

2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 Mayın rəsmi olaraq Müstəqillik Günü elan olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.

28 May yalnız keçmişin xatirəsi deyil, gələcəyin məsuliyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza azad yaşamağın, milli dövlət qurmağın və müstəqilliyi qorumağın nə qədər müqəddəs olduğunu öyrətdi. Bu gün müasir Azərbaycan həmin tarixi mirası uğurla davam etdirərək güclü dövlət modelini daha da möhkəmləndirir. Azərbaycan xalqının istiqlal arzusu yüz ildən artıqdır ki, yaşayır və hər yeni nəsildə daha da güclənir. Çünki bu xalq bir dəfə deyil, dəfələrlə sübut edib ki, onun müstəqillik iradəsi sarsılmazdır.

Yaşasın müstəqil Azərbaycan!

Rüstəmov Ramil,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button