
Mayın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə dövlət başçılarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Çin münasibətlərinin dostluq və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında konstruktiv siyasi dialoq şəraitində son zamanlar iqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəni, humanitar və digər sahələrdə əlaqələr daha da genişlənib.
Mayın 17-də Bakıda öz işinə başlayan və Çinin yüksəksəviyyəli nümayəndə heyətinin də təmsil olunduğu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının qlobal urbanizasiya gündəliyi ilə əlaqədar aktual mövzuların müzakirəsi və beynəlxalq müstəvidə dayanıqlı şəhərsalma siyasətinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub. Forum çərçivəsində mayın 18-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçi arasında keçirilən görüşün əhəmiyyəti vurğulanıb. Separatizmin bütün forma və təzahürlərini pisləyən Azərbaycanın “Vahid Çin” siyasətinə, həmçinin Çinin ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyinin müstəsna önəm daşıdığı qeyd edilib.
Görüş zamanı YAP ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin sürətli inkişafından məmnunluq ifadə olunub. 2024-cü ilin noyabrında hakim partiyalar arasında imzalanmış Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.
2026-cı il 11-15 may tarixində YAP nümayəndə heyətinin dost ölkəyə səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına xidmət etdiyi vurğulanıb. Təmasların intensivləşdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Çin Kommunist Partiyasının rəhbərliyinə və səfirə təşəkkürünü bildirib. O, əməkdaşlığın dərinləşdirilməsinə hədəflənən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində bundan sonra da ardıcıl nailiyyətlərin qazanılacağına inamını ifadə edib.
Səfir Lu Mey YAP nümayəndə heyətinin səfərlə bağlı xoş təəssüratlarının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edən səfir qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadənin vacibliyinə toxunub.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov isə səfər çərçivəsində DİA ilə ÇKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanmasının dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində əhəmiyyətini nəzərə çatdırıb.
Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər, partiyalararası əməkdaşlığın gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




