AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Prezident İlham Əliyev tərəfindən İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloninin Azərbaycana səfəri zamanı səsləndirilən bəyanat bir daha göstərdi ki, Azərbaycan–İtaliya əlaqələri strateji mahiyyət daşıyır və bu tərəfdaşlıq konkret məzmunla zənginləşməkdədir.

2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri artıq özünü siyasi, iqtisadi və humanitar sahələrdə real nəticələr kimi büruzə verir. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilməsi, ticarət dövriyyəsinin ötən il təxminən 12 milyard dollara çatması və energetika sektorunda möhkəm əməkdaşlıq əlaqələrinin formalaşması münasibətlərin dayanıqlı təməllər üzərində qurulduğunu təsdiqləyir. Xüsusilə təbii qaz ixracında İtaliya bazarının önəmli rolu və Cənub Qaz Dəhlizinin əsas hissələrindən olan Trans Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi strateji əməkdaşlığın gələcək perspektivlərini müəyyən edir.

Əməkdaşlığın diqqət çəkən əsas istiqamətlərindən biri də İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəal fəaliyyət göstərməsidir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində bu şirkətlər tərəfindən 23 layihənin icrası və ya planlaşdırılması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına olan inamını açıq şəkildə nümayiş etdirir. Xarici investorlar arasında İtaliyanın ön sıralarda yer alması təsadüfi deyil. Həyata keçirilən layihələr infrastrukturun qurulması, şəhərsalma, sənaye, energetika və mədəni irsin bərpası kimi mühüm sahələri əhatə edir və bölgənin sürətli reinteqrasiyasına ciddi töhfə verir.

Bu tərəfdaşlıq yalnız iqtisadi məzmun daşımır, eyni zamanda siyasi etimadın və qarşılıqlı hörmətin göstəricisidir. Azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində İtaliya şirkətlərinin iştirakı Azərbaycanın post-münaqişə dövrü inkişaf strategiyasının vacib hissəsinə çevrilib və iki ölkə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin fikirləri Azərbaycan–İtaliya münasibətlərinin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, xüsusilə azad edilmiş ərazilərin bərpasında İtaliya şirkətlərinin aktiv iştirakı ilə yeni inkişaf mərhələsinə keçdiyini aydın şəkildə nümayiş etdirir. Bu əməkdaşlıq regionda sabitlik, inkişaf və qarşılıqlı faydaya əsaslanan uzunmüddətli strateji model kimi qiymətləndirilə bilər.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button