AnalitikaDünyaGündəmSiyasət

Rəşadət Xalıqov: Azərbaycan sülh gündəliyinə qətiyyətlə sadiqdir

I”2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev video bağlantı formatında çıxış edərək Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları və sülh prosesini diqqətə çatdırıb. Cəmi doqquz aydır sülh şəraitində yaşayan və sülhdə yaşamağı öyrənən Azərbaycan və Ermənistan artıq qarşılıqlı etimad mühitini gücləndirirlər. Sülhün ən bariz göstəricilərindən biri hər iki dövlətin bir-birinin beynəlxalq təşəbbüslərini dəstəkləməsidir. Belə ki, Azərbaycan hələ bir il öncə ASB Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunmasını dəstəkləyib. Balansın qorunması məqsədilə növbəti tədbirlərdən birinin Bakıda keçirilməsi təklif edilib və Ermənistan da daxil olmaqla, iştirakçılar 2028-ci ilin mayında Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləyiblər. Dövlət başçısı bu xüsusda Baş nazir Nikol Paşinyanı Ermənistanın ev sahibliyi münasibətilə təbrik edib”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, regionda sülh artıq sadəcə bəyanatlarda yox, həm də rəsmi sənədlərdə və real iqtisadi addımlarda təcəssüm tapır. Ötən ilin avqustunda Ağ Evdə Prezident Trampın şahid kimi imza atdığı Birgə Bəyannamə və xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması sülhün artıq qurulduğunu təsdiqləyir. Bu tarixi nailiyyətin fonunda Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Nəticədə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bununla yanaşı, iki ölkə arasında ticarət münasibətləri başlayıb. Azərbaycan ilk dəfə olaraq Ermənistana 12 min ton neft məhsulları – benzin və dizel ixrac edib. Digər mühüm strateji nailiyyət isə Azərbaycanı Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” layihəsidir.

 

“Hər iki dövlətin sülhün əyani nəticələrini gördüyü və Avropa Komissiyasının sülh prosesindəki mövqeyinin təqdir edildiyi bir vaxtda, bəzi Avropa təsisatlarının ikili standartları və sabotaj cəhdləri açıq şəkildə özünü göstərir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) sülh prosesində konstruktiv mövqe sərgiləmir. 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycana 2024-cü ilin yanvarına qədər heç bir məhdudiyyət tətbiq edilmədiyi halda, ölkəmiz 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyduqdan və BMT-nin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdikdən dörd ay sonra AŞPA tərəfindən sanksiyalara məruz qalıb. Bu yanaşma qəbuledilməzdir, çünki Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Eyni zamanda, Avropa Parlamenti qitənin ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik və evsiz insanların məsələsi kimi fundamental problemlərini həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəf alır. Sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olan bu qurum 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədərki beş il ərzində ölkəmizə qarşı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edərək sanki bir “aludəçilik” nümayiş etdirib. Bunun yeganə səbəbi isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir”.

 

Onun sözlərinə görə, adekvat cavab olaraq, mayın 1-də Azərbaycan parlamenti Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Zirvə görüşündəki iştirakçılara bu qərarlarla bağlı yarana biləcək səhv informasiya və manipulyasiyaların qarşısını almaq üçün məlumat verən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə qətiyyətlə sadiqdir.

Oxşar Xəbərlər

Back to top button