AnalitikaDünyaGündəmSiyasət

İtaliya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı və Mərkəzi Asiyaya açılan əsas qapı kimi görür

Azərbaycan və İtaliya arasındakı münasibətlər bu gün özünün ən yüksək çoxşaxəli strateji tərəfdaşlıq mərhələsini yaşayır. İtaliyanın Baş naziri Corcia Meloninin 4 may 2026-cı il tarixində Azərbaycana reallaşdırdığı rəsmi səfər bu əlaqələrin yalnız enerji mərkəzli deyil, həm də siyasi və texnoloji müstəvidə yeni bir dərinlik qazandığını nümayiş etdirdi. Baş nazir Meloninin səfəri İtaliya hökumət rəhbərlərinin Bakıya uzunmüddətli fasilədən sonra etdiyi ilk rəsmi səfər kimi tarixə düşdü. Meloni Bakıda keçirdiyi görüşlərdə bu səfərin “uzunmüddətli boşluğu doldurmaq” məqsədi daşıdığını və Azərbaycanın İtaliya üçün sadəcə bir təchizatçı deyil, vazkeçilməz strateji müttəfiq olduğunu vurğuladı.

İtaliya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı və Mərkəzi Asiyaya açılan əsas qapı kimi görür. Meloninin İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitindən dərhal sonra Bakıya gəlməsi, Romanın Cənubi Qafqazda reallıqlara söykənən “realpolitik” yürütdüyünü göstərir.

İki ölkə arasında enerji sahəsi hələ də münasibətlərin onurğa sütununu təşkil edir. 2026-cı ilin yanvarında Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün artırılmasının birinci mərhələsi tamamlanıb. Bu, İtaliyaya əlavə 1 milyard kubmetr qaz nəqli deməkdir. 2025-ci ilin nəticələrinə görə, İtaliyanın qaz idxalının 16%-i, neft idxalının isə 17%-i Azərbaycanın payına düşür.

Meloni və Prezident İlham Əliyev Xəzər dənizindən Avropaya “yaşıl enerji” dəhlizinin çəkilməsi və bərpa olunan enerji sahəsində İtaliya şirkətlərinin (məsələn, Ansaldo Energia) rolunu müzakirə ediblər. Səfəri zamanı iqtisadi əlaqələrin “qaz və neft” çərçivəsindən çıxarılması əsas hədəf kimi qoyuldu.

Aerokosmik sənaye, dəniz təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahəsində əməkdaşlıq mesajları verildi. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti humanitar və təhsil sahəsində “yumşaq güc” (soft power) elementinə çevrilib. Səfər çərçivəsində texnoloji transfer və kadr hazırlığı ön plana çıxdı. Azərbaycan Prezidenti İlham Əliyev: ”Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.”

Orta Dəhliz layihəsində İtaliya limanlarının (Triest, Venesiya) Azərbaycan vasitəsilə gələn yüklər üçün əsas qəbul məntəqəsi olması planlaşdırılır. İtaliya Azərbaycan üçün Avropa bazarına açılan imtiyazlı qapı olmağa hazırdır.

İtaliya artıq sadəcə alıcı deyil, Azərbaycanın Avropadakı siyasi və iqtisadi maraqlarının əsas müdafiəçisidir. İtaliya Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığa əsaslanan alternativ platforma təqdim edir. İtaliya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşıdır.

Corcia Meloninin bu səfəri Azərbaycanın Avropadakı mövqeyini möhkəmləndirdi və İtaliyanı ölkəmizin “köhnə qitə”dəki ən etibarlı dayağına çevirdi.

Tahirli Zaman,
Nizami rayonunun fəal gənci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button