Zəfərin dəyəri: çempion güləşçilər dövlət qayğısı ilə əhatələnib

Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında qazandığı möhtəşəm qələbə ölkənin idman salnaməsinə növbəti parlaq səhifə kimi daxil oldu. Bu uğurun davamı olaraq milli komandanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi idmana göstərilən diqqətin və qazanılan nailiyyətlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Qəbul zamanı dövlət başçısı idmançıları ürəkdən təbrik edərək onların nümayiş etdirdiyi əzmkarlığın, iradənin və peşəkarlığın xüsusi rəğbət doğurduğunu bildirdi. Prezident vurğuladı ki, güləş Azərbaycanın ənənəvi və ən uğurlu idman növlərindən biridir və bu sahədə əldə olunan qələbələr təsadüfi deyil. O qeyd etdi ki, ölkədə idmanın inkişafı üçün həyata keçirilən siyasət öz real nəticələrini verməkdədir.
Prezident çıxışında idmançıların qazandığı uğurun yalnız yarış meydanında əldə olunan nəticə ilə məhdudlaşmadığını, eyni zamanda Azərbaycan gəncliyinə örnək olduğunu diqqətə çatdırdı. O bildirdi ki, bu cür nailiyyətlər gənclərin idmana marağını artırır, onları sağlam həyat tərzinə təşviq edir və vətənpərvərlik ruhunu gücləndirir.
Görüş zamanı komanda üzvləri çempionatın gedişi barədə ətraflı məlumat verərək keçirdikləri çətin və məsuliyyətli qarşılaşmaları xatırlatdılar. Onlar qeyd etdilər ki, hər bir qələbə ciddi hazırlıq, uzunmüddətli məşqlər və güclü rəqabət şəraitində qazanılıb. İdmançılar Prezident tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək bunun onlar üçün böyük motivasiya olduğunu bildirdilər.
Məşqçilər də öz çıxışlarında komandanın hazırlıq prosesindən danışaraq qeyd etdilər ki, uğurun əsasını sistemli məşq prosesi, düzgün taktika və idmançıların yüksək intizamı təşkil edir. Onlar dövlət tərəfindən yaradılan şəraitin və dəstəyin nəticələrin əldə olunmasında mühüm rol oynadığını vurğuladılar.
Sonda Prezident idmançılara gələcək yarışlarda uğurlar arzuladı və onların hər zaman dövlətin diqqət mərkəzində olacağını bildirdi. Bu görüş bir daha təsdiq etdi ki, Azərbaycan idmançıları qazandıqları hər bir uğurla dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir.
Cəlal Abdullayev,
Xəzər rayonunun gənc fəalı,
Milli Aviasiya Akademiyasının I kurs tələbəsi



