AnalitikaGündəmSiyasət

Beynəlxalq hüquqa əsasən, soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunur

Ulu Öndər Heydər Əliyev bu faciələrin unudulmamasını və beynəlxalq ictimaiyyətə çatdırılmasını hər bir azərbaycanlının müqəddəs borcu kimi qiymətləndirərək qeyd edirdi ki, uzun illər gizlədilmiş tarixi həqiqətlərin üzə çıxarılması yalnız müstəqillik dövründə mümkün olmuşdur. Onun fikrincə, bu istiqamətdə aparılan işlər təkcə dövlətin deyil, bütün xalqın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların da müqəddəs borcudur. Bu yanaşma milli tarixşünaslıqda yeni mərhələnin əsasını qoymuşdur. 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr isə bu qanlı siyasətin ən dəhşətli təzahürlərindən biri kimi tarixə düşmüşdür. Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində və Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Salyanda minlərlə dinc sakini amansızcasına qətlə yetirmişdir. Təkcə 30 mart – 3 aprel tarixlərində on minlərlə insan etnik və dini mənsubiyyətinə görə öldürülmüş, yaşayış məntəqələri dağıdılmış və kəndlər yerlə-yeksan edilmişdir. Bu hadisələr göstərdi ki, dinc əhali heç bir hüquq və müdafiə imkanına malik deyildi və qırğınlar planlı şəkildə törədilmişdir.

Quba qəzasında və Şamaxıda kəndlərin yerlə-yeksan edilməsi, əhalinin didərgin salınması faciənin miqyasını açıq şəkildə göstərir. Bu bölgələrdə qırğınlar həm də tarixi və mədəni irsin dağıdılması ilə yadda qalmışdır. Məscidlər, məktəblər və digər ictimai obyektlər məhv edilmiş, kəndlərin adları silinmiş və yüz illər boyu yaşayan yerli əhali qorxu içində həyatlarını davam etdirməyə məcbur olmuşdur. Dövlət başçısının təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət kəsb edir. Bu kompleks yalnız xatirə məkanı deyil, həm də elmi-tədqiqat və maarifləndirmə mərkəzi kimi fəaliyyət göstərərək 1918-ci il hadisələrinin real miqyasını nümayiş etdirir. Qan yaddaşımızın unudulmaması Azərbaycan Prezidenti cənab İlham Əliyevin də ən çox diqqət yetirdiyi həssas məqamlardandır. Möhtərəm Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması sübut edir ki, xalqımıza qarşı törədilən vəhşiliklər heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə torpaqlarımızın azğın düşməndən azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə tarixi ədaləti bərpa etdi. Tarixi Qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi Qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı da bu tarixi hadisələri obyektiv qiymətləndirərək, erməni faşizminin iç üzünü görməyə çağırır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button